Cəbhəboyu ərazidə 29 top mərmisi aşkarlanıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) oktyabrın 2-si tarixində Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 24 müraciət daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, daxil olmuş 24 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Alıbəyli kəndi, Ağcabədi rayonunun Rəncbərlər, Xocavənd və Salmanbəyli kəndləri, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi, Bərdə rayonunun Soğanverdilər, Əmirli, Şahvəlilər, Daşkənd və Yenidaşkənd kəndləri, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi, Goranboy rayonunun Həmənli kəndi, Şəmkir rayonunun Bayramlı kəndi, Tərtər rayonunun Dəmirçilər, Kəbirli, Səhləbad, Borsunlu kəndləri, Nizami və Şah İsmayıl Xətai küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 24 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 29 ədəd top mərmisi və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket və 1 ədəd top mərmisi partlayış yolu ilə zərərsizləşdirilib.