Milli Musiqi Günü Ağcabədidə müxtəlif tədbirlərlə qeyd edilib
Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə Ağcabədidə müxtəlif tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun mədəniyyət işçiləri “Uvertüra” sədaları altında Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki büstünü ziyarət edib, önünə çiçək dəstələri düzüblər.
Tədbir Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbində davam etdirilib. Regional İdarənin rəisi Rza Quliyev pandemiya şəraitinə uyğun olaraq sosial izolyasiya qaydaları gözlənilməklə keçirilən tədbirdə çıxış edərək dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin şərəfli ömür yolu və yaradıcılığı haqqında məlumat verib, milli musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıb. Bildirilib ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.
Sonra Uşaq İncəsənət Məktəbinin xoreoqrafiya şöbəsinin şagirdlərinin iştirakı ilə dahi bəstəkarın ölməz sənət əsəri olan “Arşın mal alan”dan səhnələr nümayiş etdirilib.
Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirakı ilə Milli Musiqi Gününə həsr olunmuş videokonfrans da keçirilib. Regional İdarənin rəisi Rza Quliyev Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günü münasibətilə mədəniyyət müəssisələrinin rəhbərlərini təbrik edib, dahi şəxsiyyətin həyat və yaradıcılığından danışıb.
Videokonfransda Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi şəhər, Ağdam rayon Güllücə kənd, Ağdam şəhər 1 nömrəli, Laçın şəhər 1 nömrəli uşaq musiqi məktəblərinin və Ağdam rayon Xan Şuşinski adına Uşaq Muğam Musiqi məktəbinin müəllim və şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən müxtəlif musiqi parçaları ifa ediblər.