Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçası istifadəyə verilib.
15 sentyabr 2020-ci il tarixdə Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçası üçün inşa edilən 100 yerlik yeni bina istifadəyə verilib.
Pandemiya şəraitində karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov uşaqları, bağça kollektivini yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib. Bildirib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir, əsaslı şəkildə yenidən qurulur. Ağcabədi şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən və açılışı olan uşaq bağçası bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Milli Məclisin deputatı Aqil Abbas körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. 100 yerlik uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. İkimərtəbəli bina yataq, oyun, tibb, məşğələ, yemək, geyinib-soyunma, kompüter otaqları, musiqi və idman zalı, mətbəx və anbardan ibarətdir. Bağçanın həyətində abadlıq işləri aparılıb, oyun meydançası, söhbətgahlar tikilib.
Yeni körpələr evi-uşaq baxçasının tikilib istifadəyə verilməsi, həm valideyinlərin, həm də kollektiv üzvlərinin sevincinə səbəb olub. Onlar göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.