Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Ağcabədidə 35 min tondan çox pambıq istehsalı gözlənilir

28 avqust 2020 | 11:00

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ildə rayonda 4200 hektarı “Azərpambıq” MMC, 5068,8 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 688,8 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.

Hazırda pambıq yığımına hazırlıq işləri görülür - kənd təsərrüfatı texnikaları işlək vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 53 ədəd kombayn, 128 ədəd traktor, 276 ədəd qoşqu, 5 ədəd yükləyici, 39 ədəd çiləyici cəlb ediləcək. Bu mövsüm rayon üzrə 35 min tondan çox pambıq istehsalı gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.

Keçidlər