Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 41 kilometrlik yerli əhəmiyyətli yol yenidən qurulur

25 avqust 2020 | 11:00

Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işlərinə başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan ayrılır.

Məlumata əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azərelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yol bir-neçə marşrut üzrə yenidən qurulur. Bu, Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometr uzunluğa malik yollar, həmçinin 5,6 kilometr Avşar, 2,9 kilometr Salmanbəyli, 4,5 kilometr Aşağı Avşar və 0,6 kilometr Xocavənd kəndlərinin daxili yollarıdır.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla təqribən 250 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Sonda yolboyu 4 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 72 yol nişanı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəkləri və kilometr göstəriciləri quraşdırılacaq, həmçinin xətlənmə işləri aparılaraq müasir yol infrastrukturu yaradılacaq.

Yenidən qurulan yol həmin ərazidə yaşayan 14 min sakinə respublika əhəmiyyətli Mingəçevir-Stansiya, Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez bir zamanda daşımasına imkan yaradacaq.

Keçidlər