Azərbaycan ordusunda vətənpərvərlik hissi yüksəkdir.
Xalqımız öz şərəfli qəhramanlıq yolunu bu gün hünərlə davam etdirir Necə deyərlər, yeni qəhrəmanlıq dastanının şanlı səhifələrini yazır. Azərbaycanın mərd oğulları torpaqlarımızı zəbt edən mənfur erməni işğalçıları ilə üz-üzə dayanaraq, bütün cəbhə boyu onlara ağır zərbələr vurur, qəhrəmanlıq əzmini nümayiş etdirirlər.
Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti sayılan bu gözəl yurdumuzu, atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq gələcək nəsillərə ötürmək üçün müdafiə etməyə hər an hazırıq. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimizin hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir.
Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində gücünə görə 50-ci pillədə qərarlaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin başlıca hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz əhəmiyyətli rolu oynayır. Bizim Silahlı Qüvvələrimiz müharibə vaxtı yaradılıb, Azərbaycan xalqı bununla fəxr edir. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır.
Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də... Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə nümunədir.
Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyin göstəricisi kimi yazıldı. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır. Məhz aprel döyüşləri sayəsində azad olunan Lələtəpə və Talış yüksəklikləri bu rayonlarda yaşayan insanlarımızı təhlükədən qurtardı. Eyni zamanda işğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi.
Aprel döyüşləri Ermənistan ordusunun məğlubedilməz ordu mifini sındırdı və bir daha göstərdi ki, Silahlı Qüvvələrimizin hərəkətə keçərsə, ermənilər darmadağın olacaqlar. Qısa bir zamanda, yəni 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi.
2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordumuz düşmənin mühüm strateji yollarına nəzarəti ələ alıb, onun üzərində böyük üstünlük qazandı;
26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirildi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi;
Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkildi, 60 kilometrdən artıq yararsız yollar bərpa olundu.
Strateji əhəmiyyət daşıyan Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri görülərək, postlar arasında dayanıqlı rabitə əlaqəsi quruldu, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı. Bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, o torpaqlarda Azərbaycanın üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağımız ucaldı.
Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən, torpaq uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması, gələcək nəsillər naminə gözlərini belə qırpmadan şəhidlik zirvəsinə yüksəlirlər. Bunun ən son nümunəsinin 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı şahidi olduq. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edib. Halbuki bu, heç bir məntiqə sığmır. Azərbaycanın Ermənistanla dövlət sərhədində heç bir hərbi məqsədi yoxdur.
Ermənistan işğalçılıq siyasətini davam etdirərək, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı qəti şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi. Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında oldu, onlarla çiyin-çiyinə vuruşaraq vətən yolunda canını fəda verdi. Mənfur düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını itirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ordumuz bu təlatümlü günlərdə onun yanında oldu, dəstəklədi. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir.
İyulun 15-də Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışıb. Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Ali Baş Komandan qeyd edib ki, vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Prezident İlham Əliyev general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında şəhid ailələrinə baş çəkəcəklər. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib.
Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimiz bir daha öz üstünlüyünü təsdiq etdi ki, bu əməliyyatın Silahlı Qüvvələrimizin şanlı tarixində öz yeri olacaqdır.
Artıq dövlətlər 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Eyni zamanda Azərbaycan diasporu da formalaşıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan haqq səsinin eşidilməsi üçün geniş fəaliyyət göstərir.
14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirildi. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə sübuta yetirdi.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər edildi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55.130-nəfərdən çox soydaşımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçiblər və müraciətlər bu gün də davam edir.
Azərbaycanda Qadın Sahibkarlığı Assosiasiyasının (AQSİA) üzvləri Prezidentin çağırışına dəstək verib. Assosiasiya sıralarında birləşən yüzlərlə sahibkar xanım orduda xidmət göstərməyə hazır olduqların bildiriblər.
Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini vurğulayıb.
Qardaş Türkiyə cümhuriyyəti Azərbaycanı tək buraxmadı və təbii ki, Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu. Ən yüksək səviyyədə Azərbaycanı dəstəklədiyini bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı ölkəmizə qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu. O, çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığını dilə gətirib: “Bu gərginliyin Ermənistanın düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə törədilib. Bu hadisə hər hansı sərhəd pozuntusu yox, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”;
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmadığını deyən nazir bildirib ki, Ermənistanın etdikləri qəbuledilməzdir: “Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq.
Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan təmas xəttində davam edən gərginlikdən danışarkən, “İşğalçılığı davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa, azərbaycanlı qardaşlarımıza dəstək verməyə davam edəcəyik” sözlərini səsləndirib.
Xaricdə yaşayan soydaşlarımız da dövlətimizin, Prezident ilham Əliyevin yanındadır və onu dəstəkləyirlər. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Dünya Türk Birliyi təşkilatı, Latviyada yaşayan soydaşlarımız, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Ukraynadakı Türkiyənin icma nümayəndələri, Belarusda yaşayan azərbaycanlılar da öz vətənlərinə dəstəklərini bildirib, erməni işğalını pisləyiblər.
Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq”, Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi və Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib.