Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü silsilə tədbirlərlə qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı silsilə tədbirlərlər keçirir.
29 aprel 2014-cü il tarixdə YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Mən azərbaycanlıyam” adlı tədbir keçirilmişdir. Tədbirdə Gəncə, Naftalan, Ağdam, Bərdə, Ucar, Beyləqan, Füzuli, Laçın, Zərdab, İmişli və s. rayonların YAP Gənclər Birliklərinin nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Daha sonra Heydər Əliyev Mərkəzinə ekskursiya etmiş, burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Heydər Əliyevin Ağcabədiyə səfərlərini əks etdirən eksponatlar qonaqlarda xüsusi maraq doğurmuşdur.
Bundan sonra gənclər şəhidlər xiyabanını ziyarət edərək Qarabağ müharibəsi zamanı canından keçmiş şəhidlərimizin məzarı üstünə qərənfil dəstələri düzmüşlər. Bələdçi Məhsəti Musa bildirmişdir ki, ümumilikdə Ağcabədi rayonundan 187 nəfər torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Bu şəhidlərdən 3 nəfəri Etibar İsmayılov, Namiq Abdullayev və Sadıq Hüseynov döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.
Daha sonra YAP fəalları Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olmuş, yaradılan gözəllikdən məmnun qaldıqlarını söyləmişlər.
Bundan sonra qonaqlar Ağcabədidə fəaliyyət göstərən “Atena” süd emalı zavodunda olmuş, burada görülən işlərlə tanış olmuşlar. Qonaqlara “Atena” süd emalı zavodunun məhsulları hədiyyə edilmişdir.
Ağcabədinin görməli yerləri ilə tanış olan qonaqların getdiyi növbəti ünvan Ü. Hacıbəyov adına “Qarabağ” Muğam Mərkəzi olmuşdur. Qonaqlar Qarabağ Muğam Mərkəzinin foyesində Ulu öndər Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin Ağcabədiyə səfərlərinə həsr edilmiş guşələrlə tanış olmuş, burada keçirilən muğam dərsləri ilə yaxından maraqlanmışlar. Daha sonra Muğam Mərkəzinin konsert salonunda mərkəzin gənc şagirdləri kiçik konsert proqramı ilə çıxış etmişlər.
Tədbirin I hissəsi başa çatdıqdan sonra qonaqlar Gənclər Mərkəzində nahar süfrəsinə dəvət edilmiş və burada gənclər üçün yaradılmış şəraitlə də tanış olmuşlar.
Tədbirin II hissəsi YAP Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilən konfransla davam etmişdir. Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov qonaqları salamladı, öz ürək sözlərini söylədi. Daha sonra YAP Acabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyadov, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Nicat Axundov, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Məhsəti Musa, Heydər Əliyev Mərkəzinin əməkdaşı Jalə Məlikova çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğıdan söz açmış, rayonumuzda gedən sosial, iqtisadi və mədəni inkişafdan danışmış, habelə, dahi liderimizin və onun layiqli davamçısı , ölkə prezidenti İlham Əliyevin Ağcabədiyə səfərləri haqqında məlumat verərək Ağcabədinin bugünkü inkişafında ölkə və rayon rəhbərliyinin əvəzsiz xidmətlərini vurğulamışlar.
Qonaqlardan YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədri Ceyhun Qəhrəmanov, Gəncə şəhərindən YAP Gənclər Birliyinin sədr müavini İsrafil Məmmədov, Bərdə rayon RİH-nin məsləhətçisi Rauf Rzayev çıxış edərək bu günkü tədbirin onlarda çox gözəl təəssürat yaratdığını, Ağcabədinin çox inkişaf etdiyini və gələcəkdə də bu bölgələrdəki gənclərin bir-biri ilə sıx əlaqə saxlayacağını qeyd etdilər.
Sonra böyük lider Heydər Əliyevin ömür yoluna həsr olunmuş sənədli film nümayiş etdirildi.
Sonda qonaqlara Ağcabədidə son illərdə görülmüş işlərdən bəhs olunan “Ağcabədi” adlı fotojurnallar hədiyyə edildi.