Şriftin ölçüsü :

Saytın rəngi :

BMT Baş Assambleyasının Xüsusi Sessiyası rəsmi olaraq işə başlayır.

14 iyul 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərakatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərakatına üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm Qoşulmama Hərakatı ölkələri, həm də başqa BMT üzvü olan dövlətlər tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.
İyulun 10-da BMT Baş Assambleyasının Xüsusi Sessiyası  rəsmi olaraq başlayır. Dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı isə dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır. BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağırılmışdır. Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində ilkə imza atmışdır.
BMT baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb. Baş Assambleyanın işinə nə vaxt başlayacağı da hələ məlum deyil. Payızda isə pandemiyanın ikinci dalğasının olacağı gözlənilir. BMT ümumiyyətlə, bu il rəsmi olaraq toplaşmaya bilər. Bəs onda dünyada çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?! BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platformadır.  Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Pandemiya kimi qlobal problemin müzakirəsi ilə bu qlobal təşkilat bəs niyə məşğul olmur. Belə bir çətin dövrdə kim qlobal liderliyi öz üzərinə götürməlidir?
Bu gün yalnız  Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar  verir. Bu təşkilat məsələnin yalnız səhiyyə tərəfi ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər tərəfləri niyə yaddan çıxır. Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Əgər indiki anda BMT görünmürsə, bəs bu problemlə kim məşğul olacaq. Məgər BMT-dən böyük hansısa təşkilat var? Bu mənada hazırda BMT-yə inam, təşkilatın etibarlığı şübhə doğurur. İnanırıq ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərakatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün artıq Xüsusi Sessiyanın keçirilməsi təkcə Qoşulmama Hərakatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin məsələsinə çevrilmişdir. BMT çərçivəsində belə formatda önəmli tədbirin keçirilməsi əlbəttə, bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Qaydalar önəmlidir, yeni reallıq şəraitində BMT buna uyğunlaşmalı və dərhal reaksiya verməlidir.
Hazırda bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzbəüz qalmışdır. Buna görə də BMT özünün prosedur qaydalarının girovuna çevrilməməli, bu irimiqyaslı  qlobal problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya verərək prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt apara bilər) müstəsna və problem yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir.
Artıq virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Belə ki, Böyük Yeddilik və Böyük İyirmilik kimi nüfuzlu təsisatların görüşləri məhz bu formatda keçirilib. Yəni texniki imkanlar mövcuddur, sadəcə siyasi istək və iradə lazımdır. İndiki vaxtda bütün dövlətlərdən çeviklik, qarşılıqlı anlaşma ruhunda əməkdaşlıq tələb olunur. Təbii ki, burada başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzvlərinin üzərinə düşür.
Pandemiya dövründə artıq Azərbaycan bir sıra vacib tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının, həmçinin Qoşulmama Hərakatının videokonfrans formatında,dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirilmişdir. Pandemiyanın yaratdığı çətinliklərə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur.
Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın müəyyənləşdirilməsi, Xüsusi Sessiyanın sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün BMT-yə texniki sahədə dəstək verə bilər. Ümidvarıq ki, Azərbaycan Respublikasınən Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində BMT öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizə kimi qlobal məsələnin müzakirəsini apara biləcək. Bu səmərəli müzakirələr nəticəsində bəşəriyyəti pandemiyanın əlindən xilas edə biləcək vacib qərarlar veriləcək.

 

Keçidlər