Ağcabədi rayonunda profilaktik reydlər keçirilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alınaraq Ağcabədi rayonunda da yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə tədbirləri gücləndirilib.
Bu tədbirlər çərçivəsində vəziyyətlə tanış olmaq üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov hüquq mühafizə orqanlarının rəhbərləri ilə reyd keçirib.
İcra Hakimiyyətinin başçısı rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektləri, market, aptek, ödəniş məntəqələri və insanların toplandığı digər ictimai məkanlara baş çəkib.
Rafil Hüseynov burada vətəndaşlar arasında sanitar və epidemioloji qaydalara riayət olunması barədə sahibkarlıq subyekti sahiblərinə və Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinə müvafiq tapşırıqlar verib.
R.Hüseynov Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarətin sərtləşdirilməsinin zəruriliyini qeyd edib. İcra başçısı bildirib ki, sosial məsafə, tibbi maska, əlcək və tibbi spirtdən istifadə qaydalarına hər bir sakin riayət etməlidir və yalnız bununla koronavirusu lokallaşdırmaq və insanların sağlamlığını təmin etmək mümkün olacaq.
Qeyd edək ki, rayon ərazisində bu cür reydlər rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, yerli inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyə işçiləri, polis əməkdaşları, idarə, müəssisə və təşkilat işçiləri, eləcə də icitmaiyyət fəalları və könüllülərdən ibarət 148 mobil qrup tərəfindən mütəmadi olaraq həyata keçirilir.