Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində videokonfrans keçirilib.

03 iyul 2020 | 11:00

İyulun 2-də Ağcabədi Rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi şəhər 1 saylı tam orta məktəbin müəllimlərinin iştirakı ilə videokonfrans keçirilib. “Azərbaycan Ordusu qürur mənbəyimizdir” və   “Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək” adlı mövzularla bağlı keçirilən videokonfransda  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 25 iyun 2020-ci il tarixdə Mingəçevir şəhərinə səfəri zamanı Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında söylədiyi nitq konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Həmin çıxışı zamanı cənab Prezident Azərbaycanda ordu quruculuğundan danışaraq bildirmişdir ki, onun üçün gündəlik fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Ölkəmiz müharibə şəraitində yaşadığından ordu ilə bağlı bütün məsələlər əsas vəzifədir. Ona görə də bu sahədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb.
Konfrans iştirakçılarının nəzərinə çatdırılıb ki, ölkə Prezidenti çıxışı zamanı hərbi hissələrdə ideoloji təbliğata, maarifləndirməyə xüsusi əhəmiyyət verilməli olduğunu bildirib və qeyd edib ki, gənclərimiz bugünkü Ermənistanın Azərbaycan torpaqlarında formalaşdığını bilməlidir. Ona görə də gənclərimiz Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını tanımalıdır.
Konfrans zamanı həmçinin, dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürüldüyü və əməli addımlar atıldığı qeyd olunub və Azərbaycan Respublikasının COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırması, 30-dan artıq dövlətə humanitar yardım göstərməsi xüsusi vurğulanıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü isə dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilmişdir.
Konfransda o da qeyd edilib ki, cənab Prezidentimizin bu təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü biabır etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə etdiyi, onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər olduğu qeyd olunaraq bildirilib ki, dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Keçidlər