Ağcabədidə pandemiya ilə mübarizə tədbirləri gücləndirilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsindən sonra Ağccabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun rəhbərliyi və yerli hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə pandemiya ilə bağlı müzakirələr aparılıb, mövcud vəziyyət təhlil edilərək aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib.
Tədbirin davamı kimi iyulun 2-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynovun rəhbərliyi rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvləri, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhər, qəsəbə və kənd bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının fəalları, rayonun ümumtəhsil məktəblərinin direktorları, körpələr evi-uşaq bağçalarının müdirləri, kənd sahə xəstəxanaları, həkim, tibb məntəqələrinin müdirləri və ictimaiyyətin fəal nümayəndələrinin iştirakı ilə geniştərkibli videokonfrans keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat verərək həyata keçirilən tədbirlərin fonunda Ağcabədi rayonunda bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb. Həmçinin, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən videokonfrans, konfransda verilən tapşırıq və tövsiyələr barədə geniş izahat verərək videokonfrans iştirakçılarını məlumatlandırıb.
İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2020-ci il tarixdə Gəncə şəhərində modul tipli xəstəxananın açılışında tibb işçiləri ilə görüşü zamanı koronavirus pandemiyası ilə mübarizənin, karantin rejiminin tələblərinə əməl etməyin, insanların sağlamlığının qorunmasınının artıq milli təhlükəsizlik məsələsi olduğunu qeyd etdiyini söyləyərək Birinci Vitse-prezident Mehriban xanım Əliyavanın da dəfələrlə bu məsələ ilə bağlı ölkə əhalisini çağırış etdiyini nəzərə çatdırıb.
Daha sonra videomüşavirədə çıxış edən Ağcabədi rayon prokuroru Salman Səmədov Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini və ölkə Prezidentinin imzası ilə təsdiqləndiyini, bununla da karantin rejiminin tələblərini pozanlara qarşı cərimələrin artırıldığını və cəza tədbirlərinin sərtləşdirildiyini müşavirə iştirakçılarının nəzərinə çatdırıb. O, hər kəsi pandemiya ilə mübarizə tədbirlərində məsuliyyətli olmağa çağırıb.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov mövcud şəraitə uyğun olaraq bir sıra tapşırıqlar verib. Pandemiya ilə mübarizə çərçivəsində yaradılmış mobil qrupların tərkibinə Rayon İcra Hakimiyyəti başçısı aparatının, yerli inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə işçiləri, YAP rayon təşkilatının fəalları, ziyalılar, ictimaiyyətin fəal nümayəndələri və könüllüləri də daxil etməklə qrupların sayının rayon üzrə 148-ə çatdırılması qərara alınıb. Həmin mobil qrupların şəhər, qəsəbə və kənd ərazilərində fəaliyyət göstərən ictimai iaşə, ticarət və xidmət obyektlərində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına, bankomatlar, ödəniş terminalları, poçt və bank şöbələrinin qarşısında növbəliliyə, sosial məsafənin qorunmasına, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsinə nəzarət funksiyalarını həyata keçirməklə əhali arasında təbliğat və təşviqat işləri aparmaları tapşırılıb