Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya ilə mübarizə tədbirlərinə həsr olunmuş geniş video-konfrans keçirilib.

26 iyun 2020 | 11:00

25 iyun 2020-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar video-konfrans keçirib. Geniş tərkibdə keçirilən video-konfransda rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, yerli inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri, rayonun inzibati orqanları, eləcə də idarə-müəssisə rəhbərləri iştirak edib.
Müşavirədə Rafil Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib, həyata keçirilən tədbirlərin fonunda Ağcabədi rayonunda bu sahədə görülmüş işləri geniş təhlil edib.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri ilə əlaqədar əhali arasında müntəzəm olaraq geniş maarifləndirmə işləri aparılır və xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət olunur.  
Tədbirdə qeyd olunub ki, Ağcabədi şəhərində və rayonun yaşayış məntəqələrindəki küçələrdə, səkilərdə, parklarda, ictimai yaşayış binalarında və onların həyətlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Qeyd olunub ki, bütün bunlara baxmayaraq son dövrlər bəzən yas mərasimlərində insanlar toplaşır və qoruyucu tibbi maskalardan istifadə edilmir ki, bu da yoluxma riskini kəskin artırır. Artıq əhalinin ictimai qınağı olmalı, eyni zamanda, yerli inzibati ərazi nümayəndələri, bələdiyyə üzvləri və polis şöbəsinin əməkdaşları tərəfindən bu sahəyə ciddi nəzarət olunmaqla qabaqlayıcı tədbirlər görülməlidir. İdarə və müəssisələrdə, xüsusi ilə qapalı yerlərdə karantin qaydalarına əməl olunması daha vacib olduğu qeyd olunaraq dövlət qurumlarında çalışanların idarə binalarında maskadan istifadə etməsinə nəzarətin gücləndirilməsi tapşırılıb. Ölkə Prezidentinin son çıxışlarında bu məsələlərə daha çox toxunulduğu  vurğulanaraq ölkə rəhbərliyinin göstərişlərinə, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əməl etməyin hər birimizin borcu olduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ölkəmizin bu çətin sınaqdan tezliklə çıxması üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən qətiyyətli addımlar atılır.
Daha sonra video-konfransda rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ənvər Həsənov çıxış edərək rayonda pandemiyanın qarşısının alınmasında polis işçilərinin üzərinə düşən vəzifələrdən danışıb, rayonda ictimai asayişin qorunması ilə bərabər pandemiyanın qarşısının alınmasında hər bir polis işçisinin səfərbər olduğunu bildirib.
Tədbirdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Keçidlər