Ombudsmanın Quba və Cəlilabad regional mərkəzləri tərəfindən növbəti videokonfrans keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Ombudsmanın Quba və Cəlilabad regional mərkəzləri, Sabirabad, Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Şirvan və Hacıqabul rayon Gənclər və İdman idarələrinin iştirakı ilə “Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclər arasında antisosial davranışın qarşısının alınması, preventiv tədbirlər və Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsində fəaliyyəti” mövzusunda regional maarifləndirici videokonfrans keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, videokonfransda Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Ombudsmanın Quba və Cəlilabad regional mərkəzlərinin rəhbərləri Bəhruz Əfəndiyev və Ziya İsmayılov, həmçinin Bərdə və Hacıqabul rayon gənclər və idman idarələrinin rəisləri mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlar zamanı İnsan Hüquqları Aylığının əhəmiyyətindən, ölkəmizdə insan hüquqları və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən, həmçinin gənclərin cəmiyyət həyatının müxtəlif sahələrində fəal iştirakından bəhs olunub. Tədbirdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələri, icrası istiqamətində həyata keçirilən işlər barədə geniş məlumat verilib.
Videokonfransda gənclərin insan hüquqları və azadlıqlarının təmini, təbliği və müdafiəsi ilə əlaqədar sualları ətraflı cavablandırılıb, interaktiv müzakirə aparılıb.