Ağcabədidə antisanitar şəraitdə fəaliyyət göstərən süd toplama və pendir istehsalı müəssisələri aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağcabədi rayonunun Hacıbədəlli kəndində Abışov Hümmət Xəlil oğluna məxsus qida təhlükəsizliyi qeydiyyatından keçməyən süd toplama müəssisəsində, eləcə də Təzəkənd kəndində fəaliyyət göstərən "Proqress" heyvandarlıq-südçülük kooperativinin süd toplama məntəqəsində reyd keçirilib.
Hər iki müəssisədə baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl edilmədiyi, giriş hissədə dezbaryerlərin quraşdırılmadığı, havalandırma sistemi və pəncərələrdə həşəratlardan qoruyucu torun olmadığı aşkarlanıb. Eyni zamanda istehsal zamanı istifadə edilən məhsulların açıq hava şəraitində saxlanıldığı və süd məhsullarının müayinəsinin aparılmadığı məlum olub. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.