Heydər Əliyev mərkəzlərinin elmi işçiləri üçün növbəti təlim təşkil olunub
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən yeni tədris modulları əsasında təşkil olunan ixtisasartırma təlimləri davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda aparılan funksional islahatların məntiqi davamı olaraq mərkəz tərəfindən mədəniyyət işçilərində müasir peşə təfəkkürünün, habelə kreativ səriştələrin formalaşmasına xidmət edən “Bölüşərək zənginləşək" şüarı altında təşkil olunan ixtisasartırma kurslarının növbəti 2-ci mərhələsinə start verildi.
Belə ki, iyunun 18-dən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Heydər Əliyev mərkəzlərinin elmi işçiləri üçün “Zoom” proqramı vasitəsilə rəqəmsal təlimlər təşkil olunub.
Təlimdə təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova “Heydər Əliyev siyasi fəaliyyətinin virtual olaraq təbliğində elmi işçilərin rolu”, “Heydər Əliyev və nitq mədəniyyəti” mövzularını, Tədris proqramları sektorunun müdiri Aygün Hüseynova “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi kimi”, Təlimin təşkili sektorunun müdiri Samirə Cəlilova “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” və Metodiki iş şöbəsinin muzey işi sektorunun müdiri Pakizə Almazova “Heydər Əliyev mərkəzlərində ekspozisiya işinin təşkili” mövzularını təqdim ediblər.
Ağcabədi, Ağdam, Salyan, Kürdəmir, Neftçala, Biləsuvar, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayon Heydər Əliyev mərkəzlərinin elmi işçiləri, həmçinin Xaçmaz, Ağcabədi və Biləsuvar RMİ-lərinin əməkdaşlarının iştirakı ilə keçirilmiş təlimdə dinləyici kimi iştirak edənlərə Mərkəz tərəfindən elektron sertifikatlar təqdim olunacaq.
Təlim zamanı qeyd olunub ki, Azərbaycan keçmişinə bağlı, gələcəyə inamla addımlayan, mədəni dəyərlərə sahib olan müasir, demokratik, hüquqi və dünyəvi dövlətdir. Bu gün milli-mənəvi sərvətimizə, tariximizə, adət-ənənələrimizə, insan faktoruna dəyər vermək ölkəmizin əsas prioritetidir. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bir dövr ərzində dünya arenasında tanıdan şəxsiyyətdir.
Çıxış edənlər vurğulayıb ki, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə siyasi liderin zəngin irsindən bəhrələnən Heydər Əliyev adını daşıyan mərkəzlər müasir Azərbaycanın rəmzinə çevrilib. Heydər Əliyev mərkəzləri Azərbaycan xalqının Ümummilli Liderin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və mədəniyyətinin, dilinin və digər milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərən ideoloji müəssisələrdir. Hər kəsə məlumdur ki, mövcud vəziyyətlə əlaqədar olaraq, mərkəzlər bu gün öz fəaliyyətini rəqəmsal müstəvidə davam etdirərək, Ulu Öndərin siyasi irsinin təbliğində müstəsna rol oynayırlar.
Təlim dinləyicilərinə mərkəz tərəfindən sertifikatlar təqdim olunub.
Təlimin sonunda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının aşılanmasında Heydər Əliyev mərkəzlərinin rolu və bu işin strateji əhəmiyyətindən danışıb. Belə ki, regionların ideoloji və azərbaycançılıq məfkurəsinin məbədi olan sözügedən Mərkəzlərin reallaşdırdıqları layihələr sayəsində mütləq olaraq ictimai münasibətlərin ən fəal bəndinə çevrilməsi zəruriyyətini vurğulayan A.Usubəliyev birgə reallaşacaq layihələr haqqında məlumat verib.