“İnsan hüquqları aylığı” çərçivəsində 13 rayonun iştirakı ilə regional videokonfrans keçirilib
17 iyun 2020-ci il tarixdə Ombudsmanın Quba və Cəlilabad regional mərkəzləri, Ağcabədi, Sabirabad, Göyçay, Beyləqan, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Şirvan və Hacıqabul Rayon Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclər arasında antisosial davranışın qarşısının alınması, preventiv tədbirlər və Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsində fəaliyyəti” mövzusunda regional videokonfrans keçirilib.
Onlayn tədbirdə çıxış edən Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışıb. Bildirilib ki, qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasətində gənclər ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul olunur. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı genişlənib. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması onların maddi durumunun, rifah halının daha da yaxşılaşdırılmasına imkan verib.
Videokonfransda çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın adından videokonfrans iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu vurğulayıb. O, bu əlamətdar tarixlə əlaqədar olaraq, insan hüquqları sahəsində ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan olunduğunu diqqətə çatdırıb.
Bəhruz Əfəndiyev aylıq çərçivəsində dövlət, yerli özünüidarəetmə orqanları, QHT-lər, media qurumları ilə əhəmiyyətli maarifləndirici videokonfransların keçirildiyini, bu videokonfranslarda bütün əhali qruplarının hüquqlarının müzakirə olunduğunu, müvafiq təkliflər hazırlandığını qeyd edərək, Müvəkkilin insan hüquqlarının, o cümlədən əhalinin müxtəlif qruplarının hüquqlarının təmini və müdafiəsi, Milli Preventiv Mexanizm qismində, hüquqi maarifləndirmə və digər sahələrdə çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verib.
Vurğulanıb ki, 30 ildən artıq davam edən Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi zəbt olunub, bir milyon soydaşımız ağır, kütləvi şəkildə insan hüquqları pozulmaqla qaçqın və məcburi köçkün həyatı yaşayır.
B.Əfəndiyev çıxışında, həmçinin Uşaq hüquqlarının Pilləli Tədrisi Layihəsi, insan hüquqlarının və onun tərkib hissəsi kimi uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, Ombudsmanın uşaq hüquqlarının pozulması ilə bağlı 24 saat fəaliyyət göstərən “916 qaynar xətt” xidməti barədə də məlumat verib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov videkonfransda çıxış edərək, insan hüquqlarının yaranma tarixi, BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, ölkəmizin bu mühüm sənədlərə qoşulması barədə danışıb.
Bildirib ki, ölkəmizdə insan hüquqları ilə bağlı islahatların təməli Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə qoyulub. Müstəqil Azərbaycanımızın ilk demokratik Konstitusiyası isə məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995–ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən əsas Qanunumuzun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılıb, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunub.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi olub. Qısa müddət ərzində bu məqsədlə bir sıra mühüm tədbirlər həyata keçirilib, çoxsaylı fərman və sərəncamlar imzalanmaqla müvafiq qanunvericilik aktları qəbul olunub. Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması və 1998-ci il fevral ayının 10-da isə tamamilə ləğv edilməsi də atılan mütərəqqi addımlardandır.
Bu proseslərin məntiqi davamı kimi, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənib.
Onlayn tədbirdə iştirak edən gənclərin insan hüquqları ilə bağlı sualları cavablandırılıb.