15 iyun xalqın nicat günüdür.
Doxsanıncı illər Azərbaycan xalqının həyatında təlatümlü illər kimi tarixə düşdü. Ömrünün sonunu yaşayan sovet rejiminin tənəzzülə uğraması, xalqın milli dirçəlişi, azadlıq hərakatının güclənməsi, sovet idarəetmə sistemində hakimiyyətin idarəetməni itirməsi ölkədə böhranlı vəziyyət yaratmışdı. Yeni hakimiyyətə gələn xalq cəbhəsinin isə xalqın etimadından sui istifadə etməsi və idarəetmədə səriştəsizliyi ilk gündən özünü biruzə verir, acı nəticələr doğururdu.
AXC rəhbərliyinin siyasi müstəvidə buraxdığı kobud səhvlərin, məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Xüsusi ilə Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü. Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axının başlaması yeni qaçqınlar ordusu yaradırdı.
Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmişdi. Artıq İran faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi məsələsində Ermənistanı müdafiə edirdi.
Belə bir çətin məqamda hakimiyyət iddiasında olan pozucu qüvvələr bu qarışıqlıqdan istifadə edərək öz mənfur məqsədlərinə çatmağa çalışırdılar.
1993-cü il 15 iyuna qədər ölkədəki kriminogen vəziyyət demək olar ki, son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya yaxınlaşırdı. Cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırır, respublika içində yeni bir respublika yaratmağa çalışırdı. Ölkədə kriminogen vəziyyət o həddə çatmışdı ki, Bakının küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Adamları qarət etmək, döymək, hətta öldürmək belə adi hal almışdı.
Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə də qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi. Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.
Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Beləliklə xalqın israrlı tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Xalqın böyük izdihamı ilə qarşılaşan ulu öndərin Bakıya yeni gəlişi əsl xalq bayramına çevrildi.
Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi Azərbaycanın ictimai-siyasi həyatında inqilabı dəyişikliklərlə xarakterizə olundu.Belə ki, ölkə daxilində separatçılıq qüvvələrinin qarşısı alındı, Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı və ordu quruculuğunda mühüm addımlar atıldı.
Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı və iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi. Eyni zamanda iqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gətirilməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi.
“Əsrin Müqaviləsi” imzalandı və bununla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının təməli qoyuldu. Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar. Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsi uğurla həll edildi.
İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya blokadasından çıxmağa nail oldu.Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.
Bütün bunlar Azərbaycanın gələcək inkişafının məhək daşı oldu. Bu möhkəm, əbədi təməl üzərində bu gün Azərbaycan bütün sahələrdə uğurla irəliləyir, dünyanın inkişaf etmiş lider ölkələrindən birinə çevrilir.