“15 İyun –Milli Qurtuluş Günü” münasibətilə “Milli Qurtuluş –xalqın zəfəri” başlığı altında videokonfrans keçirilmişdir.
12 iyun 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Ağcabədi RMİ Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun “Milli Qurtuluş günü”nə həsr olunmuş videokonfrans keçirilmişdir. Zoom platforması üzərindən “Milli Qurtuluş –xalqın zəfəri” mövzusunda təşkil olunan konfransda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Təhsil şöbəsinin, Ağcababədi Pedaqoji Kolecinin əməkdaşları iştirak etmişdir. Videokonfransı giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev əlamətdar gün münasibəti ilə videokonfrans iştirakçılarını təbrik edib və “Milli Qurtuluş Günü” barədə ətraflı məlumat vermişdir. Daha sonra Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov, rayon Təhsil şöbəsinin metodisti Tofiq Zeynalov, Ağcabədi Pedaqoji Kolecinin direktor müavini Rövşən Bayramov, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov və Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Rövşanə Əliyeva çıxış edərək “Milli Qurtuluş günü”nün tariximizdə yeri və rolu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda xüsusi vurğulanıb ki, Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.