İlham Əliyev Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi tədbirində iştirak edib
İyunun 3-də Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Cəbhəyanı ərazidə yerləşən Ağcabədi şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2017-ci ildə “Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində icra olunan layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Prezident İlham Əliyev Ağcabədi şəhərinə içməli suyun verilməsini təmin edən qurğunu işə saldı.
Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, Ağcabədi şəhərini içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib və bu məqsədlə 14 subartezian quyusu qazılıb. Su mənbəyindən şəhərə 15 kilometr uzunluğunda magistral su xətti çəkilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Layihə çərçivəsində Ağcabədi şəhərində 350 kilometr içməli su xəti çəkilib, 8500 ünvana ev birləşməsi verilərək su sayğacları quraşdırılıb. Suyun optimal idarə olunması üçün 618 siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 905 yanğın hidrantı quraşdırılıb. Hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur.
Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 305 kilometr tullantı su şəbəkəsi, 4 kanalizasiya-nasos stansiyası, 9 kilometr kanalizasiya kollektoru inşa edilib. Yeni yaradılmış tullantı su şəbəkəsindən ünvanlara birləşmələr verilib. Şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun tikintisi üzrə son tamamlama işləri aparılır. İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Ağcabədi Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikilib.