Ağcabədi rayonunda barama tədarükünə başlanılıb.
Bu gündən Ağcabədi rayonunda barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində baramanın təhvil alınmasına başlanılıb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov baramanın ilk təhvilində iştirak edib, ilk tədürükü həyata keçirən kümçülərlə görüşüb. Qaravəlli kəndindən kümçü Quliyev Talıb Muxtar oğlu bu gün 23,3 kiloqram barama təhvil verərək, bu mövsümdə barama tədürükünə başlayan ilk kümçü olub. Bu münasibətlə kümçüyə gül buketi və hədiyyə təqdim olunub. Daha sonra Kəbirli kəndindən Orucov Mürvət Atakişi oğlu 59,7 kiloqram, Ağcabədi şəhərindən Mehtiyev Bakir Cəmil oğlu isə 9,1 kiloqram barama təhvil veriblər. Kümçülər ötən illərdə adətən hər qutudan 50 kiloqram barama tədarük olunduğunu qeyd edərək, bu il hər qutudan 60 kiloqram məhsul gözlədiklərini söyləyiblər.
Qeyd edək ki, Ağcabədi respublikanın baramaçılıq rayonları sırasında qabaqcıl yerlərdən birini tutur. Son illər Ağcabədi rayonunda baramaçılığın daha da inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Rayonda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram barama istehsal olunub.
Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədili kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Rayon kümçülərinə bu mövsüm 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu paylanıb. Bu il rayonda 60 tona yaxın barama istehsalı proqnozlaşdırılır.