Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə taxıl biçininə hazırlıq işləri yekunlaşır.

23 may 2020 | 11:00

Keçən il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi rayonunun fermerləri və torpaq mülkiyyətçiləri 2020-ci ilin biçin kampaniyasına ciddi hazırlaşırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu ilin məhsulu üçün 27 min 640 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 19 min 989 hektarı buğda, 7651 hektarı arpadır. Taxıl biçininə, ümumilikdə, 57 taxılbiçən kombayn cəlb ediləcək. Bunun 46-sı “Aqrolizinq” ASC-yə məxsusdur, 11 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən, ilk növbədə, 50 hektara qədər olan taxıl sahələrində biçin aparılacaq. Biçin kampaniyasına may ayının sonunda başlanacağı nəzərdə tutulub.
Biçinə hazırlıq prosesinin əsas istiqamətləri biçin prosesində texnikanın düzgün dislokasiyası, kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsidir. Bu məqsədlə karantin rejiminin qaydalarına əməl edilməklə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparılır. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilir, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilir. Fermerlərə biçində növbəliliyin təmin edilməsinin vacibliyini əks etdirən bukletlər paylanır, kənd və qəsəbələrin mərkəzi yerlərində məlumatlandırıcı elanlar vurulur.
Qeyd edək ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayonda 29 min 175 hektar sahədə taxıl becərilib, 105 min 322 ton məhsul əldə edilib.

Keçidlər