Ağcabədidə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır.
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov fermerlərin problemləri ilə yaxından tanış olmaq üçün tez-tez yerlərdə olur və onlarla söhbətlər aparır. Bu söhbətlər zamanı əkin sahələri ilə tanış olan rayon İcra Hakimiyyətinin başçısı suvrama suyu ilə təminatın yaxşılaşdırılması üçün bir sıra tapşırıqlar verib.
Bununla əlaqədar Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonun Pərioğlular kəndində R-16-1 suvarma kanalı üzərinə 50 metr uzunluğunda 2-ci keçirici boru xətti qaynaq edilərək salınıb. Həmçinin, Ağcabədi şəhərində Ü.Hacıbəyov adlanan ərazidə isə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün R-18-2 suvarma kanalına Yuxarı Qarabağ kanalı üzərində yerləşən su keçirici boru xətti 0,5 metr qazılaraq aşağı salınmış və sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ və Xan qızı kanallarından götürən 2261 kilometr kanal, 41 kilometr örtülü dren, 2489 kilometr hidrotexniki qurğu, 51 ədəd elektrik nasos stansiyası, 3 ədəd üzən nasos, 8 ədəd SNP markalı nasoslarla suvarma suyu ilə təmin olunur.