Ölkədə həyat keçirilən islahatlara və koronavirusla mübarizə tədbirlərinə həsr olunmuş videomüşavirə keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətində inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videomüşavirə keçirilib. Rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının da iştirak etdiyi müşavirədə son illər, xüsusilə 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən başlanmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatlarının 2019-cu ilin sonlarından etibarən daha geniş vüsət alması və hazırda bu işlərin intensiv şəkildə davam etdirilməsindən söhbət açılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov cənab Prezident tərəfindən aparılan islahatların əsasını xüsusilə korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasının təşkil etdiyini qeyd edərək ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edilib ki, cənab Prezident İlham Əliyev dünyanı bürüyən COVİD-19 pandemiyasından respublikamızın minimum itkilərlə çıxmasına möhkəm zəmin yaratdığı şəraitdə mənəviyyata sığışmayan hərəkətlərə yol verən, dövlət başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin dövlət tərəfindən cəzalandırılması davam etdirilir və görülən bu tədbirlər, aparılan mühüm ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatları bu gün Azərbaycanın yeni inkişaf mərhələsində uğurla addımladığını parlaq nümayiş etdirir.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsi ilə Zirvə görüşü keçirilməsindən söhbət açaraq ölkəmizin 2011-ci ildən Qoşulmama Hərakatına tam hüquqlu üzv qəbul olunduğunu və sözügedən Hərəkata üzv dövlətlərin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edildiyini qeyd edib. BMT Baş Assambleyasından sonra ikinci nüfuzlu böyük beynəlxalq təşkilat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv seçildikdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan hörmət və etimadının aydın təzahürü, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, dövlətimizin qlobal səylərinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsinin parlaq təcəssümü olduğu qeyd edilib. Təmas Qrupunun coğrafi təmsilçilik və könüllülük əsasında bütün regional qruplardan olan ölkələrin qatıldıqları tədbirdə 40-a yaxın ölkənin dövlət və hökumət başçıları, xarici işlər nazirləri iştirak edib. Prezident İlham Əliyevin şəxsi nüfuzu, siyasi təcrübəsi və iradəsi sayəsində qlobal liderliyə ehtiyac yarandığı hazırkı dövrdə dünyanın hər yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirmək mümkün olub. Cənab İlham Əliyev etdiyi təşəbbüslə, özünəqapanma sindromunun heç kəsə xeyir gətirməyəcəyini cəsarətlə nümayiş etdirib.
Zirvə görüşündə Avropa İttifaqı rəsmisinin iştirakı və çıxışı da Qoşulmama Hərəkatının tarixində bir ilk hesab olunub. Azərbaycanın səyləri nəticəsində daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı və Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirmək mümkün olub.
Bundan əvvəl də ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildiyi müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.
Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrlərinin videobağlantı vasitəsilə qoşulduğu müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan islahatlar və görülən tədbirlərin əhaliyə daha geniş çatdırılması, vəzifəli şəxslərə öz fəaliyyətlərində neqativ hallara yol verməmək, xüsusilə korrupsiyaya və rüşvətxorluğa son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara etinasız yanaşmamaq tövsiyə edilib.
Müşavirədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri də müzakirə edilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, tibbi maskalardan istifadə edilməli, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, sosial məsafə qorunmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməlidir.
Qeyd edək ki, ölkədə “COVID-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi elan olunub. Kütləvi tədbirlər, eyni zamanda, rayon icra hakimiyyətində daxili iclaslar, qəbul otaqlarında həyata keçirilən vətəndaşların qəbulu və səyyar görüşlər təxirə salınıb. Buna görə də Ağcabədi Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir. Müasir texnologiyaların yaratdığı imkanlarla rayonun 41 inzibati ərazi dairəsi üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri ilə mütəmadi videokonfrans formatında iclaslar keçirilir.