Onlayn müşavirədə kənd təsərrüfatı işlərinin gedişi və pandemiya ilə mübarizə tədbirləri müzakirə edilib.
Ağcabədi Rayon İcra Hakimiyyətində inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti dəfə onlayn videomüşavirə keçirilib. Rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının da iştirak etdiyi müşavirəyə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru və rayonda fəaliyyət göstərən pambıq zavodlarının direktorları videobağlantı vasitəsilə qoşulub.
Müşavirədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri müzakirə edilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxılmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, sosial məsafə qorunmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməlidir. Tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, xüsusi karantin rejiminin 31 may tarixinədək qüvvədə qaldığını və bu müddətdə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunduğunu qeyd edən rayon icra hakimiyyətinin başçısı əhalinin sağlamlığının qorunması üçün ərazilərdə dezinfeksiya işlərinin davam etdirilməli olduğunu bildirib. Fəaliyyəti bərpa edilən iş yerləri, xidmət və digər sahələrdə müəyyən edilmiş Təlimatlara əməl edilməli olduğunu qeyd edərək. bununla bağlı həm təbliğatın, həm də ciddi nəzarətin həyata keçirilməsi ilə bağlı öz tapşırıq və tövsiyələrini verib.
Daha sonra kənd təsərrüfatı məsələlərindən söhbət açaraq yerlərdə çiyid səpininin qısa müddətdə başa çatdırılmalı və pambığın kompleks becərilməsinə başlanılmalı olduğu bildirilib. Həmçinin, son illərdə rayonda inkişaf etdirilən baramaçılıq sahəsindən söhbət açılaraq 1500 qutu ipəkqurdu toxumunun rayona gətirildiyi və kümçülərə paylandığı qeyd edilib.
Videobağlantı ilə müşavirədə iştirak edən “MKT İK” MMC-nin Ağcabədi filialının direktoru Şahin Məhərrəmov da çıxış edərək, çiyid səpini və pambığın becərilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.
Sonda rayon icra hakimiyyətinin başçısı müşavirə iştirakçılarına ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə əməl olunması, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin, eləcə də kənd təsərrüfatı işlərinin davam etdirilməsini tövsiyə edib.
Qeyd edək ki, ölkədə “COVID-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi elan olunub. Kütləvi tədbirlər, eyni zamanda, rayon icra hakimiyyətində daxili iclaslar, qəbul otaqlarında həyata keçirilən vətəndaşların qəbulu və səyyar görüşlər təxirə salınıb. Buna görə də Ağcabədi Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir. Müasir texnologiyaların yaratdığı imkanlarla rayonun 41 inzibati ərazi dairəsi üzrə icra nümayəndələri və bələdiyyə sədrləri ilə mütəmadi videokonfrans formatında iclaslar keçirilərək yerlərdəki vəziyyət öyrənilir, kənd təsərrüfatı işlərinin gedişi, koronavirus infeksiyasına qarşı pofilaktik tədbirlər barədə tapşırıq və tövsiyələr verilir.