Rayon İcra Hakimiyyətinin başçısı I qrup Qarabağ əlilini ziyarət edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədə elan edilən xüsusi karantin rejimi müddətində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasından sonrakı ilk gündə, 4 may tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov I qrup Qarabağ əlili Ramil Nağıyevi evində ziyarət edib. Birinci Qarabağ müharibəsində ağır yaralanaraq hər iki ayağı dizdən aşağı amputasiya olunmuş Nağıyev Ramil Bəbir oğlunun hazırda sağ ayağının amputasiya olunmuş hissəsində çürümə prosesi gedir və həkimlər tərəfindən protez geyinməsinə icazə verilmir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Qarabağ qazisinin məişət şəraiti, qayğıları ilə yaxından tanış olub. Dövlət tərəfindən ona hədiyyə olunan mənzilində əlil arabasının hərəkəti üçün mənzil daxilində bir sıra dəyişikliyin edilməsini vacib sayan rayon rəhbəri yerindəcə tapşırıqlar verib.
Qeyd edək ki, 17 yanvar 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağcabədi rayonuna ilk səfəri zamanı əlil və şəhid ailələri üçün tikilmiş yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak etmiş və həmin binada Mehriban xanım Əliyeva ilə birlikdə I qrup Qarabağ əlili Ramil Nağıyevin evində olub. İndi də, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın həmin evdə qonaq olmalarını Ramil Nağıyev və ailəsi böyük fəxr hissi ilə xatırlayır. Bundan başqa, rayonun ictimai-siyasi həyatında, vətənpərvərliyin təbliği işində xüsusi rolu olan Qarabağ qazimizin xidmətləri nəzərə alınıb və Azərbaycan Respublikası Prezidentinin 18.10.2011-ci il tarixli 1775 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Qarabağ qazisinin səhhəti ilə yaxından maraqlanan rayon İcra Hakimiyyəyinin başçısı Rafil Hüseynov onun müalicəsi ilə bağlı köməklik ediləcəyinə söz verib. Ramil Nağıyev də öz adından və bütün döyüşçü dostları adından göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyev cənablarına öz səmimi hörmət və ehtiramını bildirirək bu gün də Ali Baş Komandanın əsgəri olduğunu, Qarabağ qazilərinin cənab Prezidentin ətrafında sıx birləşdiyini qeyd edib. Sonda rayon İcra Hakimiyyətinin başçısına ziyarəti üçün təşəkkürünü bildirib.