Ağcabədidə inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videomüşavirə keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətində inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videomüşavirə keçirilib. Rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının da iştirak etdiyi müşavirəyə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru videobağlantı vasitəsilə qoşulub.
Müşavirədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədə xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci il saat 00:00-dək uzadılması, eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, xüsusi karantin rejimi müddətində bir sıra inzibati ərazi nümayəndələri tərəfindən yol verilən nöqsanlar və kənd təsərrüfatı məsələləri müzakirə edilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı haqqında məlumat verərək bildirib ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxılmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməlidir. Tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, xüsusi karantin rejiminin 31 may tarixinədək qüvvədə qaldığını və bu müddətdə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunduğunu qeyd edən rayon icra hakimiyyətinin başçısı əhalinin sağlamlığının qorunması üçün ərazilərdə dezinfeksiya işlərinin davam etdirilməli olduğunu bildirib.
Xüsusi karantin rejimi müddətində bir sıra inzibati ərazi nümayəndələri tərəfindən yol verilmiş nöqsanlara toxunun rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Həsənov İmran İsmayıl oğlu və Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əmirahov Məzahir Nuruş oğlunun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimatı” pozaraq, öz vəzifə səlahiyyətlərini aşdıqlarını, 1 nömrəli əlavəyə uyğun Arayış (şəxsin rayon daxilində hərəkətinə icazə verilməsi haqqında) əvəzinə fiziki şəxslərə 2 nömrəli Əlavəyə uyğun Arayış (şəxsin rayonlararası hərəkətinə icazə verilməsi haqqında) verdiklərini və buna görə də hər iki nümayəndənin Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 25.2.6 maddəsinə uyğun olaraq vəzifədən azad edilərək, məsələ ilə əlaqədar materialların toplanaraq rayon prokurorluğuna göndərildiyini müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Əlavə olaraq Hüsülü və Rəncbərlər kənd inzibati ərazi dairələri üzrə nümayəndələrə isə kənd ərazisində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsində, dezinfeksiya işlərinin aparılmasında səhlənkarlıq göstərdikləri və torpaqlardan təyinatı üzrə istifadəyə nəzarəti həyata keçirmədikləri üçün Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 25.2.1 maddəsinə uyğun töhmət verildiyini qeyd edib.
Daha sonra kənd təsərrüfatı məsələlərindən söhbət açaraq yerlərdə çiyid səpininin qısa müddətdə başa çatdırılmalı və pambığın kompleks becərilməsinə başlanılmalı olduğu bildirilib. Həmçinin, son illərdə rayonda inkişaf etdirilən baramaçılıq sahəsindən söhbət açılaraq 1500 qutu ipəkqurdu toxumunun rayona gətirildiyi və kümçülərə paylandığı qeyd edilib.
Videobağlantı ilə müşavirədə iştirak edən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov da çıxış edərək, pambıqçılıq və baramaçılıq sahəsində görülən işlər barədə məlumat verib.
Sonda rayon icra hakimiyyətinin başçısı müşavirə iştirakçılarına ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə əməl olunması, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin, eləcə də kənd təsərrüfatı işlərinin davam etdirilməsini tövsiyə edib.
Qeyd edək ki, ölkədə “COVID-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi elan olunub. Kütləvi tədbirlər, eyni zamanda, rayon icra hakimiyyətində daxili iclaslar, qəbul otaqlarında həyata keçirilən vətəndaşların qəbulu və səyyar görüşlər təxirə salınıb. Buna görə də Ağcabədi Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir. Müasir texnologiyaların yaratdığı imkanlarla rayonun 41 inzibati ərazi dairəsi üzrə icra nümayəndələri və bələdiyyə sədrləri ilə mütəmadi videokonfrans formatında iclaslar keçirilərək yerlərdəki vəziyyət öyrənilir, kənd təsərrüfatı işlərinin gedişi, koronavirus infeksiyasına qarşı pofilaktik tədbirlər barədə tapşırıq və tövsiyələr verilir.
Öz işini yeni qayda və tələblərə uyğunlaşdıran rayon icra hakimiyyətində vətəndaş müraciətləri üçün yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzi də fəaliyyət göstərir və “qaynar xətt”ə gələn zənglər, whatsapp mobil tətbiqi və digər onlayn vasitələrlə daxil olan bütün müraciətlər dərhal operativ şəkildə qanunamüvafiq cavablandırılır.