Arıçılıq məhsullarından istifadə edin, sağlam qalın – ağcabədili arıçıdan tövsiyələr
Təbii qida istehsalı üçün ən perspektivli sahə hesab edilən arıçılıq iqtisadiyyatın vacib sahələrindən biridir. Bal, çiçək tozu, arı südü, vərəmum, mum, arı zəhəri və sair arıçılıq məhsullarının istehsal edildiyi bu sahə həm də insanların sağlamlığı baxımından olduqca əhəmiyyətlidir. Tərkibinə və müalicəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən, bioloji-aktiv maddələrlə zəngin arıçılıq məhsullarına tələbat getdikcə çoxalmaqdadır. Arıçılıq məhsulları bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizənin aparıldığı hazırki dövrdə immuniteti gücləndirən əvəzsiz təbii vasitələrdən hesab edilir.
Respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da arıçılar arıçılıq məhsullarına olan tələbatın getdikcə artdığını nəzərə alaraq təsərrüfatlarını inkişaf etdirir, arı məhsulları istehsalını hər il artırırlar. Ata-babadan arıçılıqla məşğul olan Rəfayət Musayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, hazırda 300 arı ailəsi saxlayır. O, məhsul verən arı ailələrini respublikanın müxtəlif regionlarına apararaq onları bəslədiyini deyir. İldə iki dəfə - may balı və yay balı süzür. May balının süzümü başa çatdıqdan sonra iyunun əvvəllərində arı ailələrinin bir qismini dağa aparır. İki ay ərzində arılar dağda cökə, kəklikotu, qantəpər, dağ qanqalı, aranda qalan arılar isə biyan, akasiya, yulğun, böyürtkən, yağtikanı, yonca və digər çiçəklərdən bal toplayırlar.
Bal, arı südü, çiçək tozu, güləm, mum güvəsinin cövhəri, arı ölüsünün cövhəri, arı südü kremi istehsal edən ağcabədili arıçı bu məhsulların müalicəvi əhəmiyyətindən danışaraq deyib: "Ötən il ümumilikdə 2 ton bal, həmçinin 100 kiloqram çiçək tozu, 1 kiloqram arı südü, 50 kiloqram güləm, 5 kiloqram vərəmum, 5 litr mum güvəsinin cövhəri, 150 ədəd hər biri 25 qram olan arı südü kremi götürmüşəm. Tərkibinə görə vitaminlər, mineral maddələr, karbohidratlar, zülallarla olduqca zənginolan bu məhsulların hər biri ayrı-ayrılıqda qiymətlidir, müalicəvi-profilaktik əhəmiyyətə malikdir. Bu məhsullar insanın immunitetini gücləndirərək, onu xəstəliklərdən qoruyur. Əbəs yerə deyil ki, koronavirusun yayıldığı dövrdə bu məhsullara tələbat artıb. Odur ki, arıçılıq məhsullarından istifadə edin, sağlam qalın".
Rəfayət Musayev dövlətin arıçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnərək arə ailələrinin sayını artırır, eyni zamanda, xaricdən damazlıq arılar gətirərək arıların cins tərkibini yaxşılaşdırır. "Ötən il təsərrüfatımda olan 250 arı ailəsinə görə 2500 manat subsidiya aldım. Bu vəsaitdən arıların müalicəsi məqsədilə zəruri dərman preparatlarının, həmçinin yeni pətəklərinin alınmasında istifadə edərək, arı ailələrinin sayını 300-ə çatdırdım. Yeni alınan peneplas tərkibli pətəklər arıları isti-soyuqdan qoruyur. Arılar qışlamaya yaxşı gedir. Yüngül olduğu üçün daşınması rahatdır. Arıçılığın inkişafında, məhsuldarlığın yüksəldilməsində damazlıq-seleksiya işinin aparılması da mühüm rol oynayır. Bizim regionda tarixən mövcud olan “Boz Qafqaz” arı cinsi cırlaşdığından məhsuldarlıq aşağı düşüb. Damazlıq arıların məhsuldarlığı isə yüksək olur. Odur ki, Ukraynadan Karpat, Almaniyadan Karniyol, Bakvas cins arıların damazlığını gətirib sürfə köçürmə yolu ilə yetişdirirəm”, - deyə R.Musayev bildirib.