Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı yerli icra nümayəndələri və bələdiyyə sədrləri ilə video müşavirə keçirib.

28 aprel 2020 | 11:00

Rayon İcra Hakimiyyətində yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə video müşavirə keçirilib. Müşavirədə Ağcabədi rayon prokuroru Salman Səmədov, RİHB aparatının məsul əməkdaşları da iştirak edib. Yerli icra nümayəndələri, bələdiyyə sədrləri və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru video bağlantı vasitəsilə müşavirəyə qoşulub.
Müşavirədə rayon ərazisində pambıq səpini işlərinin gedişi, ipəkqurdu toxumunun paylanmasına hazırlıq işləri və bələdiyyələr tərəfindən qanunvericilk normalarına əməl olunması məsələləri müzakirə olunub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək bildirib ki, hava şəraiti ilə əlaqədar pambıq səpinində bir neçə gün fasilə yaransa da, artıq hava şəraiti səpini davam etdirməyə imkan verir. Buna görə də, yerlərdə səpin işləri başa çatdırılmalı və pambığın kompleks becərilməsinə başlanılmalıdır. Səpin selkalarının sayı azaldılmalı, kultivatorlar işə salınmalıdır. Bütün pambıq sahələrində kultivasiya ən azı 100-150 kiloqram karbamidlə çəkilməlidir. Rayon başçısı qeyd edib ki, may ayına yağışlı hava gözlənilir ki, bu da sahələrdə alaq otlarının artmasına səbəb ola bilər. Odur ki, alaq otlarına qarşı mübarizədə herbisidlərdən daha çox istifadə olunması davam etdirilməlidir. Bundan başqa, pambıq sahələrində sıx əkin aparıldığını qeyd edən icra başçısı pambıq bitkilərinin yaxşı inkişaf etməsi üçün cərgələrdə seyrəltmələr aparılması və qeyd olunun digər məsələlər barədə yerli icra nümayəndələri və bələdiyyələr tərəfindən fermerlər arasında təbliğat işləri aparılmasını tövsiyə edib.
Daha sonra gündəlikdə duran digər məsələyə toxunaraq aprel ayının 29-da rayona 1500 qutu ipəkqurdu toxumunun gətirilməsinin planlaşdırıldığını, bununla əlaqədar kümçülər tərəfindən ipəkqurdu toxumunun qəbuluna hazırlıq işlərinin yekunlaşdırılmalı olduğunu qeyd edib.
Rayon İcra Hakimiyətinin başçısı Rafil Hüseynov müşavirədə bələdiyyələrlə bağlı məsələyə toxunaraq şəhər, qəsəbə və kənd bələdiyyə sədrləri və üzvlərinin qanunvericiliyin tələblərini bilməli və onlara əməl etməli olduğunu söyləyib. Belə ki, qanunvericilikdə bir sıra dəyişikliklər olunur, buna baxmayaraq həm bələdiyyələr, həm də vətəndaşlar tərəfindən qanunvericiliyin tələbləri pozulur və bəzən bu, adi hala çevirilir. Bələdiyyə fonduna məxsus torpaqlar vətəndaşlar tərəfindən zəbt olunur, təyinatı dəyişdirilir. Bəzi vətəndaşlar əvvəllər icarəsində olan və təyinatı üzrə istifadə etmədiyi torpaqlara icarə müddəti bitdikdən və öz təyinatına qaytarıldıqdan sonra da yenidən haqq iddia edir. Bəzi icarədarlar icarə haqqını ödəmir və buna bələdiyyələr tərəfindən göz yumulur. Bu məsələlərdə yerli icra nümayəndələrinin də üzərinə vəzifə düşdüyünü qeyd edən icra başçısı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyətləri müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmalı, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirməli və müvafiq tədbirlər görməli olduğunu müşavirə iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra söz Ağcabədi rayon prokuroru – baş ədliyyə müşaviri Salman Səmədova verilib. S.Səmədov çıxışında bələdiyyələrin fəaliyyətini tənzimləyən “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının qanunları, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə haqqında ətraflı danışaraq, bələdiyyə sədrləri və üzvlərinin öz fəaliyyətlərində bu qanunların tələblərinə əməl etmələri olduğunu bildirib. Eyni zamanda, rayon prokuroru yeni qanunların və qanunvericilikdə baş verən dəyişiklərin öyrənilməsi üçün bələdiyyələrin mütəmadi şəkildə üzvləri üçün tədris məşğələ toplantıları keçirmələrini tövsiyə edib.
Video bağlantı ilə müşavirədə iştirak edən bələdiyyə sədrləri də çıxış edərək, onları maraqlandıran sualları ünvanlamış, həmçinin görülmüş işlər barədə məlumat veriblər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı müşavirə iştirakçılarına ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələblərini əməl olunması, koronovirus infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin yerlərdə davam etdirilməsini tövsiyə edib.
Qeyd edək ki, ölkədə “COVİD-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi elan olunub. Kütləvi tədbirlər, eyni zamanda rayon icra hakimiyyətində daxili iclaslar, qəbul otaqlarında həyata keçirilən vətəndaşların qəbulu və səyyari görüşlər təxirə salınıb. Buna görə də Ağcabədi Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir. Müasir texnologiyaların yaratdığı imkanlarla rayonun 41 inzibati ərazi dairəsi üzrə icra nümayəndələri və bələdiyyə sədrləri ilə mütəmədi video konfrans formatında iclaslar keçirilərək, yerlərdəki vəziyyət öyrənilir, kənd təsərrüfatı işlərinin gedişi, koronavirus infeksiyasına qarşı pofilaktik tədbirlər barədə tapşırıq və tövsiyələr verilir.
Qeyd edək ki, öz işini yeni qayda və tələblərə uyğunlaşdıran rayon İcra Hakimiyyətində vətəndaş müraciətləri üçün yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzi də fəaliyyət göstərir və qaynar xəttə gələn zənglər, whatsapp mobil tətbiqi və digər onlayn vasitələrlə daxil olan bütün müraciətlər dərhal operativ şəkildə qanunamüvafiq cavablandırılır.

Keçidlər