Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Ağcabədi rayonu haqqında videoçarx təqdim olunub.

29 aprel 2020 | 11:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Ölkəmizi tanıyaq” layihəsini davam etdirərək “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti turun videoçarxını təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təbiətinin gözəlliyi, tarixinin qədimliyi ilə diqqəti cəlbedən Quba, Gəncə, Bərdə, Ucar, Xızı, Daşkəsən, Tovuz, Göyçay, Samux və Qax rayonları kimi Ağcabədi də özünəməxsus xüsusiyyətləri ilə seçilir. Növbəti tur iri məskən mənasını daşıyan Ağcabədi rayonunadır.
Videoçarxın giriş hissəsində Azərbaycan Respublikasının xəritəsi verilib, daha sonra rayon haqqında ümumi məlumat əks etdirilib. Məlumata əsasən, Ağcabədi rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil olunub, 1963-cü ildə isə ləğv olunaraq Ağdam rayonunun tabeliyinə verilib, 1965-ci ildə isə yenidən müstəqil rayon olub. Ağcabədi rayonunun Bərdə, Zərdab, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəd olduğu da qeyd edilib.
İzləyicilərə təqdim olunan videoçarxda Ağcabədinin iri yaşayış məntəqələri olan – Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Hüsülü, Qaravəlli, Təzəkənd, Kəbirli, Minəxorlu və s. kimi kəndlərinin, bu zonalara aid olan muzeylər və müasir binaların siyahısı verilib, qeyd edilən ərazilərin fotoları da toplanıb. Ağcabədi ərazisində fəaliyyət göstərən Ağcabədi Süd Emalı Zavodu, Ağcabədi Un və Çörək Məmulatları Zavodunun fotoları da izləyicilərə təqdim olunub.
Ağcabədinin görkəmli şəxsiyyətlərindən Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Vasif Adıgözəlov kimi bəstəkarların, Könül Kərimova, Tağı Salehov kimi müğənnilərin, 1966-cı ildə futbol üzrə Dünya çempionatının final oyununda hakim olan Tofiq Bəhramovun və digərlərinin videoçarxda adları qeyd edilib.
Həmçinin rəngarəng flora və faunası, özünəxas olan mətbəxi, keçmişi ilə maraq hissi doğuran tarixi, memarlıq və incəsənət abidələri, XIX əsrə aid kitab da videoçarxda yer alıb.
Videoçarx “Ağcabədi” mahnısı ilə müşayiət olunur.
Videoçarxı "Facebook"da “Kitabsevər uşaqlar” səhifəsində və "YouTube" kanalında izləmək mümkündür.

Keçidlər