Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentə minnətdarlıq məktubları: “Bir Lider olaraq “Biz birlikdə güclüyük!” deməklə xalqımızı bir yumruq halında birləşdirdiniz”.

27 aprel 2020 | 11:00

Dünya ölkələrinin koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanda əhalinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi mühüm qərarlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Xüsusi karantin rejimi dövründə bir çox Ağcabədi sakini də ölkə prezidentinə minnətdarlıq məktubları ünvanlayıblar. Növbəti dəfə minnətdarlıq məktublarının bir qismini təqdim edirik.
Ağcabədi rayonunundan Səxavət Abdullayev, Emil Bağırov, Musa Bağırov, Ələmdar Salmanov və Eldar Azadov yazır: “Möhtərəm cənab Prezident. “Taclı virus” adlandırılan COVID-19 infeksiyası bu gün planeti narahat edir. Ancaq şübhə yoxdur ki, müxtəlif ölkələrdə insanların bu narahatlığı müxtəlif dərəcədədir. Mətbuatdan, internet resurslarından oxuyur və bilirik ki, bir sıra ölkələr bu virusla mübarizədə hələ də çıxılmaz vəziyyətdədir. Həmin ölkələrin vətəndaşları təbii ki, indi daha ağır günlər keçirir. Bizim ölkəmiz isə sanki bu infeksiyaya qarşı çox etibarlı və dayanıqlı qalxan tutub. Yoluxma və ölüm hallarının aşağı səviyyədə olması bunu deməyə əsas verir. Biz bütün bunları görür və özümüzdə rahatlıq tapırıq. İndiki çətin dövrdə əlbəttə ki, bunun dəyəri çox böyükdür.
Əziz Prezidentimiz, Ulu Tanrı Sizi hər bir arzu-muradınıza çatdırsın, ölkəmiz üçün gördüyünüz işlərin qarşılığını Sizə artıqlaması ilə nəsib etsin”.

Ağcabədi şəhərindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Taryel Əsədov yazır: “Əziz Prezidentimiz. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində ölkələri ağuşuna alan koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Bir Lider olaraq “Biz birlikdə güclüyük!” deməklə xalqımızı bir yumruq halında birləşdirdiniz. Bunun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətimizi düşünərək bir-birinə dəstək olur. Yaşı 65-də yuxarı 176 məhbusun əfv edilməsi, işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi, yaşı 65-dən yuxarı olanlara evlərində xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər.
Cənab Prezident, bütün bunlara görə, rayon ağsaqqalları adından Sizə təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik və Sizi dəstəkləyirik”.

Ağcabədi şəhərindən ziyalılar adından Nigar Muradova yazır: “Hörmətli cənab Ali Baş Komandan. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olaraq, ölkəmizə rəhbərlik etdiyiniz dövrdən xalqımız Sizin qayğınızla hər an, hər sahədə əhatə olunub. Bizim qürurumuzsunuz!
Möhtərəm cənab Prezident, artıq neçə vaxtdır dünyanı cənginə almış koronavirus pandemiyasi ilə əlaqədar Sizin ölkəmizdə aparılan qabaqlayıcı tədbirləriniz bizim üçün fəxrdir. Əminik ki, qısa zaman kəsiyində Sizin qayğınız, mərhəmətli həkimlərimiz sayəsində birlikdə bu bəladan hifz olacağıq, İnşallah.
Biz ziyalılar Azərbaycanımızın gələcəyini Sizinlə görürük. Biz birlikdə güclüyük”.

Ağcabədi şəhərindən Zərifə Cəfərzadə yazır: “Möhtərəm cənab Prezident. Mən Sizə Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəbin şagirdləri adından yazıram.
Bu gün bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası biz şagirdlərin də normal yaşayışına öz təsirini göstərir. Hazırda dünyanın ən inkişaf etmiş dövlətləri bu virusun pəncəsində çabalayır. Amma çox sevindirici haldır ki, vətənimiz Azərbaycan bu pandemiyadan ən az zərər görən dövlətlər sırasındadır.
Cənab Prezident, bu, məhz Sizin gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir. Siz öz işinizlə bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz hazırda dərslərimizi onlayn şəkildə davam etdiririk.
Cənab Prezident, biz şagirdlər qürur hissi ilə deyirik, nə yaxşı ki, Azərbaycan vətəndaşıyıq, nə xoş ki, Sizin kimi Prezidentimiz var. Ağcabədi rayonunun şagirdləri olaraq Vətənimizə layiqli övladlar olacağımıza söz veririk”.

Keçidlər