KƏND TƏSƏRRÜFATI – İnnovasiya fermer təsərrüfatında çiyid səpini aparılır.
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpini davam edir. Sahələri hazır vəziyyətə gətirən ağcabədili pambıqçılar bu günədək 5744 hektarda səpin həyata keçiriblər.
Bu il rayonda 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətdə başa çatdırılacağı planlaşdırılır.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səpin işlərinin gedişi ilə yerində tanış olur, fermerlərə tövsiyələrini verir. Növbəti dəfə “MKT İK” MMC-nin Ağcabədi İnnovasiya fermer təsərrüfatında olan rayon İcra Hakimimiyyətinin başçısı aparılan səpin işləri ilə tanış olub. 684 hektar sahədə pambıq əkini planlaşdırılan İnnovasiya fermer təsərrüfatında gün ərazində 64 hektar sahədə çiyid səpini həyata keçirilib.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 099 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.