BİZ BİRLİKDƏ GÜCLÜYÜK – Ağabəyli kəndində imkansız ailələrə ərzaq yardımı edilib.
Cənab Prezidentin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” şüarına dəstək olaraq Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda bir sıra sahibkarlar və xeyirxah şəxslər ehtiyacı olan, imkansız ailələrə həmin deviz altında ərzaq yardımı edirlər.
Bu çağırışa qoşulanlardan biri Ağabəyli kəndində yerləşən taxıl saxlancının müdiri Abbasov Abbas Mürşüd oğlu oldu. Belə ki, həmin şəxs tərəfindən Ağabəyli kəndində 21 ailə, Cəfərbəyli kəndində isə 14 ailə olmaqla 35 imknasız, ehtiyacı olan ailəyə ərzaq yardımı paylanmışdır.
Qeyd edək ki, “COVİD-19” koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə təxirəsalınmaz ciddi profilaktik tədbirlər həyata keçirilir. Bu müddətdə vətəndaşların, ayrı-ayrı sahibkarların dövlətin həyata keçirdiyi tədbirlərə dəstək verməsi, onlara əməl etməsi zəruridir.
Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.