BİZ BİRLİKDƏ GÜCLÜYÜK - Cəfərbəyli kəndində imkansız ailələrə ərzaq yardımı edilib.
Xeyirxahlıq, rəhmdillik xalqımıza məxsus milli dəyərlərdən biridir. Bir-birinin əlindən tutmaq, ehtiyacı olana kömək əli uzatmaq çoxdan bizi səciyyələndirən dəyərli keyfiyyətlərdəndir.
Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdən də yan keçməmiş və bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə təxirəsalınmaz ciddi profilaktik tədbirlər həyata keçirilir. Vətəndaşların, ayrı-ayrı sahibkarların dövlətin həyata keçirdiyi tədbirlərə dəstək verməsi, onlara əməl etməsi zəruridir.
Cənab Prezidentin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” şüarına dəstək olaraq Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda bir sıra sahibkarlar və xeyirxah şəxslər ehtiyacı olan, imkansız ailələrə həmin deviz altında ərzaq yardımı edirlər.
Bu çağırışa ilk qoşulanlardan biri sahibkar Orucov Ələddin Allahyar oğlu olmuşdur. Belə ki, Cəfərbəyli kəndində icra nümayəndəsinin də iştirakı ilə 14 imkansız ailəyə ərzaq yardımı paylanmışdır.
Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.
Qeyd edək ki, Ağcabədililər həm də bu çətin günlərdə daha bir xeyirxah əmələ imza atırlar. Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda fəaliyyət göstərən 130-dan çox ərzaq mağazasında “Karantin dövründə PULSUZ ÇÖRƏK” aksiyası başladılıb. Həmin mağazalardan alış-veriş edən xeyirxah şəxslər müəyyən məbləğdə ianə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çörək əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz çörəklə təmin etməkdir. İndi bir çox ailələr, vətəndaşlar bu xeyirxah təşəbbüsdən bəhrələnir, müntəzəm olaraq pulsuz çörək əldə edirlər.