Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ – Ağcabədidə imkansız şəxslər üçün “Karantin dövründə PULSUZ ÇÖRƏK” aksiyası davam etdirilir.

07 aprel 2020 | 11:00

     Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda fəaliyyət göstərən 130-dan çox ərzaq mağazasında “Karantin dövründə PULSUZ ÇÖRƏK” aksiyası başladılıb. Həmin mağazalardan alış-veriş edən xeyirxah şəxslər müəyyən məbləğdə ianə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çörək əldə etməsinə yardımçı olurlar.
   Aksiya çərçivəsində təkcə 6 aprel tarixində 912 ədəd çörək ehtiyacı olan imkansız şəxslərə pulsuz verilib. Mart ayının son günlərindən başlanan aksiya çərçivəsində gündəlik olaraq ehtiyacı olan sakinlər adətən 1000-dən çox çörəyi ərzaq mağazalarından pulsuz əldə edir. Həmçinin, rayonunun Hindarx qəsəbəsində fəaliyyət göstərən 10-dan çox ərzaq mağazası da bu aksiyaya qoşulub.
     Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz çörəklə təmin etməkdir.
    Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdən də yan keçməmiş və bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə təxirəsalınmaz ciddi profilaktik tədbirlər həyata keçirilir. Vətəndaşların, ayrı-ayrı sahibkarların dövlətin həyata keçirdiyi tədbirlərə dəstək verməsi, onlara əməl etməsi zəruridir. Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.
   Qeyd edək ki, rayonda 200-dən çox tənha adam yaşayır. Xüsusi karantin rejiminin tələblərinə əsasən evdə çıxmayan həmin şəxslərə sosial işçilər tərəfindən xidmət göstərilir və bununla yanaşı, həmin tənha şəxslərə də gün ərzində pulsuz çörək çatdırılır.
    Xeyirxahlıq edin, siz də bu humanist təşəbbüsə qoşulun. Ehtiyacı olana çörək verin. Çünki möhtərəm Prezidentimizin dediyi kimi “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!”

Keçidlər