KARANTİN TƏDBİRLƏRİ - Ağcabədidə xüsusi karantin rejiminin tələblərini pozanlar barədə tədbirlər davam etdilir.
Xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Ağcabədi rayonunda da davam etdirilir.
5 apreldə rayon ərazisində xüsusi karantin rejiminin tələblərini pozan 31 nəfərə xəbərdarlıq olunmuş, 5 nəfər isə inzibati qaydada cərimələnib.
Qeyd edək ki, rayon İcra Hakimiyyətinin yaratdığı mobil qruplar və polis əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.
Bundan başqa xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Karonavirus pandemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması üçün bir rayondan digərinə qoyulan məhdudiyyətlərlə əlaqədar avtomaşınlar saxlanılır və zəruri hal yaranmadıqda sürücülər məskunlaşdığı rayonlara geri yönləndirilir.