Şriftin ölçüsü :

Saytın rəngi :

KƏND TƏSƏRRÜFATI - Ağcabədi rayonunda mövcud yonca sahələrində kimyəvi mübarizə işləri həyata keçirilir.

07 aprel 2020 | 11:00

    Ağcabədi rayon ərazisində yonca sahələrində 447 hektar sahədə kimyəvi mübarizə işi aparılmış, dərmanlama işləri gündəlik olaraq davam etdirilir.
   Qeyd edək ki, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssiləri tərəfindən rayon ərazisində mövcud olan yonca əkini sahələrində monitorinqlər aparılarkən əksər sahələrdə fitonomus zərərvericisinin ciddi yayıldığı müşahidə olunub.
   Bununla bağlı RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlərlə mütəmadi görüşlər keçirilərək zərərvericinin həyat tərzi və vurduğu ziyan barədə geniş izahat işləri aparılmış, hazırki vəziyyətdə zərərvericiyə qarşı kimyəvi mübarizənin aparılmasının zərurət olduğu onlara çatdırılıb.
   Keçirilən görüşlərdə qeyd olunub ki, yetkin fitonomus 5-8 mm böyüklükdə olur, yumurtası 0.5-0.65 mm böyüklükdə və ellips şəklindədir, əvvəlcə sarı kəhrəba rəngində olub inkişaf etdikcə tədricən tutqunlaşır. Sürfənin uzunluğu 10 mm-dək olur. Ayaqları yoxdur. Bədənin alt tərəfində hər buğumda bir cüt iri şişkinlik olur ki, bu da sürfənin hərəkət etməsini təmin edir. Yetkin böcək bitkinin gövdəsini deşərək oraya yumurta qoyur. Həmin yumurtadan çıxan sürfələr gövdənin cavan yarpaqları və təpə tumurcuğu ilə qidalanaraq bitkiyə ciddi zərər vurur. Bitkilərin böyüməsini demək olar ki, dayandırır. 15-28 gün qidalandıqdan sonra bir neçə yarpağı birləşdirib barama hörür və onun içərisində pup halına keçir. Fitonomusun əsas zərərverici fazası onun sürfəsidir. Qidalanma nəticəsində yem məhsulu kəmiyyətcə ciddi azalır və onun keyfiyyəti pisləşir. Vegetasiya müddətində yonca sahələri biçildikdə qidalanmaq üçün zərərverici digər sahələrə keçir. Odur ki, qonşu sahələrdə olan pambıq, qarğıdalı və s. əkinlərin mühafizə olunması üçün zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtı vaxtında aparılması vacibdir.
   Fermerlərin nəzərinə çatdırılıb ki, zərərvericiyə qarşı əsasən aqrotexniki və kimyəvi mübarizə aparılmalıdır. Aqrotexniki mübarizədə yonca sahələri qış aylarında suvarılmalı, bitkinin vegetasiyası dövründə zərəverici güclü inkişaf etdikdə yonca qısa müddətdə biçilərək sahədən götürülməlidir. Kimyəvi mübarizə məqsədilə İndox Super 250-300 q/ha, Matrix 5SG 0.4 kq/ha, Karbon-4 1.5 kq/ha preparatlarından biri ilə çiləmənin aparılması məqsədə uyğundur.
   Qeyd edək ki, rayonun bütün kəndlərində yonca sahələrində zərərvericilər müşahidə olunmuşdur ki, artıq zərərvericinin miqdarı iqtisadi ziyanlı həddi keçdiyi üçün kimyəvi mübarizənin aparılması zəruri edir.

Keçidlər