KƏND TƏSƏRRÜFATI - Ağcabədidə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ və Xan qızı kanallarından götürən 2261 kilometr kanal, 2489 ədəd hidrotexniki qurğu, 51 ədəd elektrik nasos stansiyası, 6 ədəd SNP markalı nasoslarla suvarma suyu ilə təmin olunur. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə 2165 min kubmetr suvarma kanalları lildən təmizlənib, 300 ədəd hidrotexniki qurğu, 32 ədəd hidrotexniki post təmir edilib. Həmçinin, 2020-ci ildə də bu işlər ardıcıl olaraq davam etdirilməkdədir.
Hindarx nasos stansiyasının boruları, Salmanbəyli-9, Rəncbərlər, Şəfəq-1, Kəbirli-2, Kürqırağı, Muğanlı, Sarıcalı, Savxoz-1, Hüsülü nasos stansiyalarının nasos, mühərrik, siyirtmə və sair hissələri təmir olunub və ya yenisi ilə əvəz edilib. Rəncbərlər nasos stansiyasının ikinci təzyiqli boru xəttinin 2 min metr hissəsi yenisi ilə əvəzlənib. Cari ildə Hüsülü-4 və Muğanlı nasos stansiyalarının boru xətlərinin dəyişdirilməsi nəzərdə tutulur.
2019-cu ildə Ağcabədi rayonunda 36 min 291 hektar sahədə əkilmiş kənd təsərrüfatı bitkiləri orta hesabla 4-4,5 dəfə suvarılıb. Sahələrin 13 min hektarı nasoslarla, 23 min 291 hektarı öz axımı ilə, 26 min 709 hektarı isə artezianlar vasitəsilə suvarma suyu ilə təmin edilib. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib.
Hazırda rayonda pambıq əkiləcək sahələrdə isə arat işləri yekunlaşmaqdadır. Həmçinin, mövsüm ərzində su itkisinin qarşısının alınması məqsədilə suvarma işlərinin növbəlilik əsasında aparıla bilməsi üçün yerlərdə qrafiklər hazırlanıb.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də “Ağcabədi rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağcabədi rayonunun əhalisi 83682 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 30 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 2,1 milyon manatı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.