Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə xeyirxah təşəbbüs – “Karantin dövründə PULSUZ ÇÖRƏK” aksiyası

01 aprel 2020 | 11:00

Xeyirxahlıq, rəhmdillik xalqımıza məxsus milli dəyərlərdən biridir. Bir-birinin əlindən tutmaq, ehtiyacı olana kömək əli uzatmaq çoxdan bizi səciyyələndirən dəyərli keyfiyyətlərdəndir.
Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdən də yan keçməmiş və bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə təxirəsalınmaz ciddi profilaktik tədbirlər həyata keçirilir. Vətəndaşların, ayrı-ayrı sahibkarların dövlətin həyata keçirdiyi tədbirlərə dəstək verməsi, onlara əməl etməsi zəruridir. Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.
Cənab Prezidentin fərmanı ilə “Koronavirusla Müabarizəyə Dəstək Fondu” yaradılmışdır. Bu fonda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 1 illik əmməkhaqlarını ianə etmiş, bir çox dövlət və özəl qurumlar, eləcə də sıravi vətəndaşlar bu təşəbbüsə qoşulmuşlar.
Xeyirxah ağcabədililər də həmişə olduğu kimi yenə də dövlət başçısına dəstəklərini nümayiş etdirirlər.
Ağcabədililər həm də bu çətin günlərdə daha bir xeyirxah əmələ imza atırlar. Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda fəaliyyət göstərən 130-dan çox ərzaq mağazasında “Karantin dövründə PULSUZ ÇÖRƏK” aksiyası başladılıb. Həmin mağazalardan alış-veriş edən xeyirxah şəxslər müəyyən məbləğdə ianə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çörək əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz çörəklə təmin etməkdir. İndi bir çox ailələr, vətəndaşlar bu xeyirxah təşəbbüsdən bəhrələnir, müntəzəm olaraq pulsuz çörək əldə edirlər.
Onu da qeyd edək ki, rayonda 200-dən çox tənha adam yaşayır. Xüsusi karantin rejiminin tələblərinə əsasən evdə çıxmayan həmin şəxslərə sosial işçilər tərəfindən xidmət göstərilir və bununla yanaşı, həmin tənha şəxslərə gün ərzində pulsuz çörək çatdırılır.
İnsan bir dəfə yaşayır və bu yaşam tərzini elə keçirməlidir ki, dünyadan o, köç edəndən sonra adı hörmət və izzətlə çəkilsin. Bundan ötrü yaşadığın zaman xeyirxahlıq etməli, rəhimdil olmalısan. İndi bu çətin zamanda gəlin hamılıqla həmrəy olaq, bir-birimizin köməyinə çataq. Bu zaman həm yaşamaq mənalı olar, həm də koronavirus kimi geniş yayılan infeksiyaya qalib gələ bilərik.
Xeyirxahlıq edin, siz də bu humanist təşəbbüsə qoşulun. Ehtiyacı olana çörək verin. Çünki möhtərəm Prezidentimizin dediyi kimi “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!”

Keçidlər