Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhər ümumtəhsil məktəblərində məruzələrlə çıxış ediblər.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində təşkil etdiyi məruzələr davam edir.
Məruzələrin davamı olaraq Mərkəzin əməkdaşı Fariz Bünyatov 27 fevral 2020-ci il tarixdə Ə. Alıyev adına şəhər 12 saylı tam orta məktəbdə “Heydər Əliyevin tərcümeyi-halı”, 28 fevral 2020-ci il tarixdə isə “Heydər Əliyevin Kreml günləri” adlı məruzələrlə çıxış etmişdir.
Ulu Öndərin şərəfli ömür yolu və Vətənimiz qarşısında tarixi xidmətləri haqqında geniş məlumat verən məruzəçi qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev istər sovet hakimiyyəti zamanı, istərsə də müstəqillik dövründə daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirib, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanıb.
Məruzə zamanı o da vurğulandı ki, 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs verib, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıdıb və xüsusi qurtuluş missiyası həyata keçirərək, milli dövlətçiliyin xilaskarına çevrilib. Bu gün region və dünya siyasətində, əksər transmilli layihələrdə öz dəst-xətti ilə seçilən müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir. Hər bir vətənsevər azərbaycanlının Ümummilli Liderin unudulmaz və əziz xatirəsi qarşısındakı müqəddəs borcu müstəqil və qüdrətli Azərbaycan dövlətini qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.