Qaraxanlı kəndi Səyyar qəbul-görüş keçirilmişdir.
27 fevral 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Qaraxanlı kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar qəbul keçirmişdir.Qəbulda kənd sakinləri, təşkilat rəhbərləri, yerli icra və bələdiyyə nümayəndələri iştirak etmişlər.
İcra başçısı cənab Rafil Hüseynov qəbul zamanı kənd əhalisinin məşğuliyyəti, burada görülən işlər barədə geniş məlumat verdi. Bildirdi ki, ötən il kənddə 63 hektar sahədə pambıq əkilərək 206,3 ton məhsul əldə edilmişdir ki, bu da hər hektardan 32,5 sentner deməkdir. 2019-cu ildə kənddə 11 nəfər kümçü tərəfindən 22 qutu ipəkqurdu saxlanılıb və hər qutudan 46,75 kiloqram olmaqla 1028,4 kiloqram barama təhvil verilib.
Rayon rəhbəri kənddə təhsil sahəsinə də toxunaraq, burada təhsilin acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb. Belə ki, Qaraxanlı kənd tam orta məktəbini son 14 ildə bitirən məzunlardan 14 nəfəri, 11,7 faizi ali məktəbə qəbul ola bilib. Əlbəttə, böyük səylə çalışıb, Qaraxanlı kəndində təhsilin səviyyəsini yüksəldərək, müasir səviyyələrə çatdırmaq lazımdır.
İcra başçısı R.Hüseynov kənddə gəlirli sahə olan pambıqçılığın inkişafının önəmli olmasını xüsusi ilə vurğulayıb. Bildirib ki, yerlərdə pambıqçılığın inkişafı, həm də yeni iş yeri deməkdir. Əlbəttə kənd təsərrüfatında özünə möhkəm yer tutan pambıqçılıqla yaxından məşğul olmaq, eyni zamanda kənd əhalisinin güzəranının və rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Səyyar qəbulda çıxış edən kənd sakinlərindən Fəxrəddin Məmmədov, Xasay Məmmədov, Bahadur Əliyev, Mehman Bəşirov, Rasim Quliyev kənddə suvarma və içməli su artezianlarının qazılmasına, kənd ərazisinə təbii qazın çəkilməsinə ehtiyac olduğunu nəzərə çatdırdılar. Bildirdilər ki, kənddə qəzalı vəziyyətində olan elektrik dirək və naqillərinin dəyişdirilməsinə, kənd klubu və körpələr evi – üşaq bağçası üçün yeni binanın tikilməsinə ciddi ehtiyac var.
İcra başçısı cənab Rafil Hüseynov qaldırılan məsələlər istiqamətində müvafiq təşkilatlara lazımi tapşırıqlarını verdi. Qaldırılan məsələlərin bəziləri yerindəcə öz həllini tapdı.