Ağcabədi rayonunda hesabat yığıncağı keçirilib
17 fevral 2020-ci il tarixdə Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində “Ağcabədi rayonunun 2019-cu ildə sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar” rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Əvvəlcə videoçarxla rayon haqqında şəhrli geniş məlumat verildi. Sonra Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yığıncağı açıq elan etdi. İcra başçısı ötən hesabat ilində Ağcabədi rayonunda görülən -abadlıq-quruculuq , tikinti işlərindən, eləcə də kənd təsərrüfatının aparıcı sahəsi olan pambıqçılıq, heyvandarlıq, baramaçılıq və taxılçılıqdan danışdı. Təhsil, səhiyyə sahələrinə də toxunan rayon rəhbəri ümumiyyətlə, rayonda keçən il görülən işlərdən geniş və ətraflı söhbət açdı.
Yığıncaqda Prezident Aparatının məsul işçisi Əflatun Rufiyev çıxış edərək, son 16 ildə ölkədə gedən qlobal inkişafdan, sosial sahədə aparılan islahatlardan, həmçinin respublikamızda keçirilən beynəlxalq tədbirlərdən danışdı. Bildirdi ki, 2019-cu il, bütövlükdə Azərbaycan Respublikası üçün uğurlu oldu və ölkədə ötən il qazanılan uğurlarda ağcabədililərin də öz payları var. Biz çalışmalıyıq ki, bundan sonra uğurlarımız daha da artsın.
Yığıncaqda Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, rayon Maliyyə İdarəsinin rəisi Raci Səfərov, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, Ağcabədi bələdiyyəsinin sədr müavini İlqar Hüseynov çıxış etdilər.
Sonra yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.