Gələbədin kəndində Səyyar qəbul-görüş keçirilmişdir.
5 fevral 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayonun Gələbədin kəndində səyyar qəbul keçirmişdir. Qəbulda kənd sakinləri, kənddə fəaliyyət göstərən müəssisələrin rəhbərləri, eləcə də aidiyyatı idarə və təşkilat rəhbərləri iştirak etmişdir.
Icra başçısı cənab Rafil Hüseynov qəbulda çıxış edərək, ilk öncə respublikamızda gedən böyük abadlıq – quruculuq işlərindən, xalqın, xüsusi ilə aztəminatlı insanların həyatında yaxşılığa doğru əsaslı dönüş yaradan sosial tədbirlərdən ətraflı danışmış, bu xoşməramlı tədbirdən ölkə üzrə 4 milyon 200 min insanın bəhrələndiyini qeyd etmişdir.Diqqətə çatdırmışdır ki, ölkə prezidentinin bütün sahələrdə olduğu kimi sosial – iqtisadi sahədə də apardığı uğurlu siyasət rayonumuzun vətəndaşları tərəfindən rəğbətlə, böyük ruh yüksəkliyi ilə qarşılanır.
Icra başçısı bildirdi ki, adamlarımız gündəlik sosial rifah halının yaxşılaşmasında dövlət qayğısı ilə bərabər öz əməklərinin bəhrəsi ilə bəhrələnməlidir. Dövlətimizin ən böyük sərvəti olan torpaq xalqa verilmişdir. Üstəlik də kənd adamlarımızın torpaqdan səmərəli istifadə etməsi, onu əkib becərməsi üçün müxtəlif güzəştli kreditlər, subsidiyalar verir. Bu qayğı nəticəsində hər bir kənd sakini özü iqtisadçı olmalı pay torpağından necə səmərəli istifadə etməyi, güzəranını yaxşılaşdırmağı düşünməlidir. Kənd təsərrüfatı sahəsində təhlillər göstərir ki, əkinçilikdə xalq üçün ən səmərəli olan pambıqçılıq, pambıqçılıq təsərrüfatı kənd zəhmətkeşinin güzəranının yaxşılaşmasına yüksək kömək göstərməklə bərabər, həm də iş yerlərinin artırılmasına kömək göstərir. Hesablamalar göstərir ki, 100 hektar pambıq sahəsi 150 iş yeri deməkdir. Həm də nəzərə almaq lazımdır ki, Ağcabədi tarixən pambıqçılığın vətəni olmuş, sovetlər dönəmində burada 104 min tondan çox pambıq yetişdirilmişdir.
Icra başçısı ətraflı təhlildən sonra kənd sakinlərini, fermerləri pambıqçılığa diqqəti artırmağa çağırmış, həm də bu sahənin işin, qazancın səmərəliyinin artırılması üçün kiçik torpaq sahələrinin kooperasiya halında birləşdirilməsinin daha əlverişli olduğunu diqqətə çatdırmışdır.
Təhsil məsələsinə də diqqəti yönəldən cənab Rafil Hüseynov bu sahədən kəndin bütövlükdə rayonun gələcək kadr potensialı baxımından tale yüklü məsələ olduğunu diqqətə çatdırdı. Kənddə təhsilin yüksəldilməsində pedaqoji kollektivlə bərabər valideynlərin də böyük rolunu qeyd etdi.
Səyyar qəbulda kənd sakinlərindən təqaüddə olan müəllim Əhməd Ələsgərov, fermerlərdən Qədir Ələsgərov, Əli Həsənov və başqaları çıxış edərək kənddə içməli su və suvarma suyu ilə, əlaqədar problemlərin mövcud olduğunu, həmçinin kənd icra nümayəndəliyi, körpələr evi uşaq bağçası və tibb məntəqəsi üçün yeni binanın tikintisinə, qəzalı vəziyyətdə olan 8 ədəd elektirik dirəyinin və naqillərin dəyişilməsinə və 1 ədəd işıqlanma transformatoruna ehtiyacın olduğunu bildirdilər.