Şriftin ölçüsü :

Saytın rəngi :

Rəncbərlər kəndində hesabat yığıncağı keçirilmişdir.

22 yanvar 2020 | 11:00

22 yanvar 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Rəncbərlər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əlaslan Qəhrəmanov “2019-cu ilin yekunları və qarşıda duran vəzifələr barədə” hesabat vermişdir. Hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, icra hakimiyyətinin məsul işçiləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak etmişlər.
  Hesabatda rayon icra hakimiyyəti başçısının Rəncbərlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlaslan Qəhrəmanov ötən il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində, ölkəmizin uğurlu inkişafindan, həyata keçirilən qlobal islahatların ölkə vətəndaşlarının gündəlik həyatında, güzəranında və rifah halının daha da yaxşılaşdırılması istiqamətində mühüm rol oynadığını xüsusi ilə vurğuladı. Kənd haqqında ətraflı məlumat bildirən icra nümayəndəsi qeyd etdi ki, kəndin əhalisi 2654 nəfər, ərazisi isə 2035 hektardır. Kənd əhalisinin 345 ailəyə məxsus 1306 hektar pay torpağı mövcuddur. Ev təsərrüfatının sayı 485 olmaqla, ümumi təsərrüfat sayı 511 ədəd təşkil edir. Kənddə bələdiyyə, icra strukturu, tam orta məktəb, kitabxana, kənd həkim ambulatoriyası fəaliyyət göstərir. Kənd əhalisinin əsas fəaliyyət sahəsinin əkinçilik və heyvandarlıq olduğunu bildirən icra nümayəndəsi qeyd etdi ki, 2019-cu il kənddə 310 hektar ( o cümlədən buğda 230 hektar, dən arpası 80 hektar) taxıl sahələrindən 1240 ton taxıl istehsal edilmişdir ki, hər hektardan məhsuldarlıq 40 sentner olmuşdur. Keçən il ərzində 244 hektar pambıq, 230 hektar tərəvəz və bostan bitkiləri, 150 hektar təzə yonca əkilmişdir. Pambıq əkilmiş 244 hektar sahədən 650 ton “ağ qızıl” toplanılmışdır. Bu da hər hektardan 27,0 sentner təşkil edir. Kənddə 33 qutu ipəkqurdu saxlanılmış, hər qutudan 30 kiloqram olmaqla 990 kiloqram məhsul götürülmüşdür.
   Rəncbərlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Vidadi Usubov gündəlikdə duran məsələnin, 2019-cu il ərzində vətəndaşların nümayəndəliyə daxil olmuş təklif, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə məlumat verdi. Qeyd etdi ki, hesabat dövründə kənd sakinlərinə 850 ədəd arayış verilmiş, nümayəndəliyə 8 ədəd məktub daxil olmuş, başqa təşkilatlara 12 ədəd məktub göndərilmişdir. Nümayəndəliyin daxilində 12 əmr yazılmış, 3 sərəncam verilmişdir. Nümayəndəliyə daxil olmuş müraciətlərin əksəriyyəti vaxtında öz həllini tapmışdır.
   Məruzə ətrafında çıxış edən kənd sakinlərindən Akif Quliyev, Rafiq Əliyev, Yuris Usubov onları narahat edən məsələlər barəsində öz təkliflərini bildirdilər.
Hesabat yığıncağında iştirak edən rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov ölkəmizin son illər ərzində bir çox sahədə əldə etdiyi böyük nəaliyyətlərdən danışdı. Bildirdi ki, müasir Azərbaycan inkişaf sürətinə görə dünyada bir çox qabaqcıl ölkələrdən irəlidə gedir. Rayonda pambıqçılığın inkişafı və bu sahədə görüləcək müvafiq işlərdən geniş söhbət açan rayon rəhbəri, Rəncbərlər kəndində təhsilə daha böyük diqqət yetirilməli olduğunu, eləcə də məktəb, müəllim və valideyn münasibətlərinin sıx olmasının böyük əhəmiyyətini xüsusilə vurğuladı. İcra başçısı yığıncaq iştirakçılarına həyatda, eləcə də gördükləri işlərdə müvəffəqiyyətlər arzuladı.

 

Keçidlər