20 Yanvar ümumrayon tədbiri
20 Yanvar 1990-cı il! Bu qanlı gün xalqımızın tarixinə qara hərflərlə yazıldı. Məhz həmin gün Sovet Ordusu paytaxtımız Bakıya quldurcasına basqın edərək istiqlaliyyət, azadlıq, ölkəmizin ərazi bütövlüyünü tələb edən dinc əhaliyə, xalqımıza qarşı qanlı təcavüz etdi. Yüzlərlə həmvətənimiz öz doğma torpağında, Vətənində qanına qəltan edildi, çox sayda insanlar şikəst oldu, həbsxanaya salındı.
Xalqımız Vətənimizin azadlığı, istiqlaliyyəti uğrunda canını fəda verən, şəhid olan həmvətənlərimizi unutmur, onların xatirəsini həmişə böyük hörmətlə yad edir. Bu qanlı tarix, 20 yanvar 1990-cı il hadisəsinin 30 illiyi ilə bağlı şəhərimizdə anım tədbiri keçirildi. Arasıkəsilməz, böyük izdihamın axışdığı Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndi, rayonun axundu şəhidlərin ruhuna dualar oxudu. Tədbirin aparıcısı Gündüz Sevindik şəhidlərimizin keçdikləri mübarizə, qəhrəmanlıq yolundan ətraflı danışdı. Sonra söz Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin “Bədii qiraət” kursunun üzvlərinə verildi. Onlar vətənpərvər həmvətənlərimiz, şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər gecəsi” adlı ədəbi-bədii kompozisiyanı tədbir iştirakçılarına təqdim etdilər.
Ölkəmizin hər yerində olduğu kimi, saat 12-də bir dəqiqəlik sükut elan olundu. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayonun hüquq – mühafizə orqanlarının rəhbərləri ilə birgə Şəhidlər Xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət etdi, məzarların üzərinə tər qərənfil dəstələri qoyaraq, şəhidlərin əziz, unudulmaz xatirələrini yad etdi. Tədbir iştirakçıları, böyük izdiham bir-bir şəhidlərin məzarları önündən keçərək, onların önünə qırmızı qərənfillər düzdülər. Şəhidlər xiyabanı qərənfillərə büründü. Qırmızı, qan rəngli qərənfillərə...