20 Yanvar Faciəsi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.
“20 Yanvar – Ümumxalq Hüzn günü”nün 30-cu ildönümü ilə əlaqədar olaraq 16 yanvar 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı tədbir keçirilmişdir. Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyətinin və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə öncə 20 Yanvar faciəsi qurbanlarının və Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa 20 Yanvar Faciəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir ki, “20 Yanvar - Ümumxalq Hüzn günü” ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində də silsilə tədbirlər həyata keçirilir. Faciə ilə əlaqədar olaraq mərkəz əməkdaşları tərəfindən Ağcabədi rayon ümumtəhsil məktəblərində məruzələr keçirilir, sərgilər nümayiş olunur, mərkəzdə fəaliyyət göstərən kursların üzvlərinin iştirakı ilə film nümayişləri, dəyirmi masalar təşkil edilir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu faciəyə siyasi qiymətin verildiyini vurğulayan Məhsəti Musa, 0 zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir.
Sonra mərkəzin əməkdaşı Rövşanə Əliyeva “Qan yaddaşımız” adlı məruzə ilə çıxış etdi.
Daha sonra məruzə ətrafında çıxışlara başlanıldı. Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini, 20 yanvar hadisələrinin canlı şahidi olmuş Eldəniz Qəmbərov, Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət kursu”nun rəhbəri, mədəniyyət işçisi Gündüz Nəcəfov, N saylı hərbi hissənin zabiti, baş leytenant Elcan İsayev, Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova çıxış edərək bildirmişlər ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əziz tutulduğunu vurğulayan natiqlər, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət və qayğı göstərildiyini bildirmişlər.