Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvara 30 ildən sonra baxış

18 yanvar 2020 | 11:00

    Hər bir tarixi hadisənin qiymətini zaman verir. 20 Yanvarın mənasını, tariximizdəki yerini və rolunu illər keçdikcə daha aydın dərk edirik. Vaxtilə ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.
   Həmin qanlı yanvar günündən 30 il ötür. İllər keçdikcə bu hadisəyə baxışlar dəyişir. Vaxtilə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıq. İndi isə kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır. Onda - qaranlıq səmada güllələrin parıldadığı, küçələrdə tankların şütüdüyü qış gecəsində azadlıq günəşinin doğmasından, həyatımızda başlayan dönüşdən hələ xəbərsiz idik. Bilmirdik ki, üstümüzə tankla hücuma keçən bu imperiyanın sonu çatıb və cəmi iki il sonra Azərbaycan yenidən müstəqil dövlət olacaq. İndi şəhidləri azadlıq müjdəsi gətirən qaranquşlara bənzədirik.

Keçidlər