Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
11 dekabr 2019-cu il tarixində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi Pedoqoji Kollecinin direktoru Mirələm İbrahimli, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətcisi Cavid Bünyadov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətcisi Muxtarlı Muxtar, kollecin müəllim və tələbə kollektivi iştirak etmişdir. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub.Tədbiri Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş sözü ilə açan Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on altı il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirmişdir.
Daha sonra çıxış edən digər natiqlər hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin əslində məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd etdilər.
Natiqlər Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin Heydər Əliyevin adı ilə, eyni zamanda 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu və “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq, bu gün qədirbilən xalqımızın demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etdiyini, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratdığını, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olduğunu xüsusilə vurğuladılar.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdiri.