Səyyar qəbul : Vətəndaşlarla birbaşa ünsiyyət Kəhrizli kəndi
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə respublikanın mərkəzi icra aparatı, həmçinin yerli icra orqanları rəhbərlərinin yerlərdə əhali ilə görüşünün keçirilməsi artıq ölkəmizdə ənənə halını almışdır. Bu, xalqla rəhbərliyin qarşılıqlı ünsiyyəti, birbaşa dialoqudur. 02 dekabr 2019-cu il tarixdə rayonumuzun Kəhrizli kəndində icra başçısı Rafil Hüseynovun keçirdiyi ilk səyyar qəbul da məhz bu məqsədə xidmət edirdi. Görüşə toplaşanlar Rafil Hüseynovu Ağcabədi rayonuna yeni icra başçısı təyin olunması, həmçinin ilk səyyar qəbulunu Kəhrizli kəndində keçirməsi münasibəti ilə təbrik etdi, ona öz minnətdarlıqlarını çatdırdılar.
Görüş iştirakçılarına razılığını bildirən hörmətli icra başçısı ölkədə aparılan sosial islahatlardan, qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, başa çatmaq üzrə olan 2019-cu il tariximizə islahatlar ili kimi düşəcək. Xüsusi ilə ölkənin müharibə şəraitində olduğu vəziyyətdə qlobal sosial islahatların həyata keçirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Dövlətimizin bu yüksək qayğısı hər bir vətəndaşı öz sahəsində daha yaxşı çalışmağa sövq etməlidir. Öz torpağının sahibi olan kənd əməkçiləri təsərrüfatlarından səmərəli istifadə edib yüksək qazanc götürməlidir. Bu günə qədər rayonumuzda 30 min tondan çox pambıq toplanması yüzlərlə ailənin maddi rifah halının yaxşılaşması deməkdir.
İcra başçısı təhsil məsələsinə də qarşıda duran mühüm sahə kimi diqqətə çatdırdı. Uşaqların təlim tərbiyəsində məktəblə, müəllimlərlə bərabər, valideynlərin də üzərinə ciddi vəzifələr düşdüyünü, məktəb və valideynin qarşılıqlı əlaqəsini qeyd etdi.
Səyyar qəbulda kənd sakinlərindən Yaşasın Babayev, İlduzə İsmayilova, Eldəniz Rzayev, Sabir Əliyev, Fazil Qurbanov, Mehman Babayev, Şükür Əliyev və başqaları çıxış edərək kəndin ümumi problemi olan içməli və təsərrüfat suyu, həmçinin şəxsi problemləri barədə iradlarını bildirdilər.
Yüksək fəallıq və səmimi şəraitdə keçən səyyar qəbulda çıxış edənlərin irad və təklifləri diqqətlə dinlənilərək icraçı üçün aidiyyatı idarə və təşkilat rəhbərlərinə lazımi tapşırıqlar verildi.