Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Gənclərin İnkişafı və Karyera Mərkəzinin açılışı oldu

26 noyabr 2019 | 11:00

Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biri dövlətin gənclər siyasətidir. Bildiyiniz kimi, yaradıcı, fiziki cəhətdən sağlam, intellektual gənc nəslin tərbiyəsi istənilən dövlətin gələcək uğurlu inkişafı üçün əsas amildir.

1997-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü qeyd olunur. Bu gün respublikada gənclərin inkişafına yönəlmiş dövlət proqramları və strategiyaları uğurla həyata keçirilir.

Ölkənin müxtəlif bölgələrində 40-dan çox gənclər mərkəzi, 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. 14-29 yaşlı gənc vətəndaşlar Azərbaycan əhalisinin üçdə birini təşkil edir.

2019-cu il oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq respublikanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların hərtərəfli inkişafını təmin etmək məqsədilə respublikanın Gənclər Fondunun fəaliyyətini dəstəkləmək üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Xüsusilə sənədə əsasən, ölkənin şəhər və bölgələrində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişafı və Karyera Mərkəzi nümayəndəliklərinin yaradılması üçün Gənclər Fonduna dörd milyon manat ayrılıb.

Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələri həyata keçirmək məqsədilə 24.11.2019-cu il tarixdə Ağcabədi rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri açılıb.

Nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir.

Bununla əlaqədar GİKM nümayəndəlikləri gənclərin əlavə bilik və bacarıqlar əldə etmələri, təhsil proqramlarının həyata keçirilməsi, görüşlər, seminarlar, intellektual oyunlar və digər zəruri tədbirlərin keçirilməsi üçün müxtəlif peşə kursları və dərslərinin təşkilini təmin edir.

Açılış tədbirində  Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov, icra hakimiyyətinin nümayəndələri, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Rəvanə Həşimova çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.

Cənab Prezidentin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyi vurğulanıb, gənclər bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət olunublar.

Daha sonra tədbir iştirakçıları üçün Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub, eyni zamanda, Mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verilib. Həmçinin, region gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

 

 

Keçidlər