Ağcabədidə “Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbir keçirilmişdir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən, Gənclər üçün Təhsil Mərkəzi (GTM) və UNİCEF-in birgə icra etdiyi "İnteqrasiya olunmuş sosial xidmətlər modeli " layihəsi çərçivəsində GTM Qarabağ ofisi, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Ağcabədi rayon Polis şöbəsinin birgə əməkdaşlığı ilə “Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbirlərə start verildi.
Tədbirdə GTM Qarabağ ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı, Ağcabədi rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi polis mayoru Tural Məlikov, Agcabədi rayon Polis söbəsinin təşkilati inspektor qrupunun baş inspektoru polis mayoru Ilqar Cəfərov, ADPU Ağcabədi filialının əməkdaşı Tahir Kərimli, yeniyetmələr, valideyinlər və sosial işçilər iştirak etmişdir.
Tədbiri GTM Qarabağ ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı giriş sözü ilə açaraq, bildirib ki, son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.
Daha sonra çıxışlarda vurğulandı ki,çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Məktəb rəhbərliyi və ya valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə bilməyi beləcə öyrəndiklərini düşünərək müdaxilə etməyin mənasız olduğunu hesab edirlər. Eyni zamanda bildirildi ki, Azərbaycanda bullinq əleyhinə heç bir qanun layihəsi işlənib hazırlanmayıb. Bullinq hallarının qarşısının alınması üçün bullinqə geniş izah verə biləcək və profilaktika məqsədilə müəyyən proqramların yaradılmasını tələb edəcək qanun layihəsinin hazırlanması və tətbiq edilməsi məktəblərdə bullinqin qarşısının alınmasına ən böyük yardım göstərmiş olardı. Bullinq şagirdlərin böyümə prosesində ən ciddi problem olub, dərin travma izləri buraxacaq davranışlardan biridir və onun qarşısının alınması məktəblərin və təhsil sisteminin qarşısında duran ən vacib məsələdir.
Həmçinin, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.Tədbir çərçivəsində UNİCEF VƏ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılmışdır.